“Xəzər dənizinin səviyyəsinin gələcəkdə müxtəlif dərəcələrdə düşməsi proqnozlaşdırılır”.
“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev “Xəzər dənizinin səviyyəsinə iqlim dəyişmələrinin və digər amillərin təsiri və mümkün uyğunlaşma imkanları” adlı seminarda deyib.
O bildirib ki, dünyanın ən qədim su hövzələrindən olan Xəzər dənizinin səviyyəsinin tərəddüdləri son illərdə ən çox müzakirə edilən məsələlərdəndir: “Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan bu dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi bildirilir. Sözsüz ki, bütün bunların sonda dənizin ekosisteminə, Xəzəryanı ölkələrin isə ətraf mühitinə və iqtisadi həyatına ciddi təsir göstərəcəyi də istisna edilmir”.
Nazir müavini qeyd edib ki, son 25 ildə qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində dənizdə suyun səviyyəsi yenidən aşağı düşərək – 28 metr olub: “İqlim dəyişmələrinə dair ssenarilərdə isə gələcəkdə havanın temperaturunun və buxarlanmanın artması nəticəsində səviyyənin daha da aşağı düşməsi gözlənilir. Alman və holland alimləri bununla bağlı araşdırmalar aparıblar. Əsrin sonunadək Xəzərin səviyyəsi gözlənilən qlobal istiləşmə ssenarilərinə görə bugünkü səviyyə ilə müqayisədə daha 9 və ya 18 m aşağı düşə bilər. Həmin tədqiqatlara görə ölkələr 2015-ci ildə imzalanmış olan istilik effekti yaradan qazların atmosferə atılmasının azaldılmasına dair Paris Razılaşmasının tələblərinə əməl etməklə, temperatur artımını məhdudlaşdırarlarsa Xəzərin səviyyəsi əsrin sonunadək yalnız 9 metr düşər, əks halda isə 18 metr aşağı düşə bilər. Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən də gələcəkdə səviyyənin müxtəlif dərəcələrdə düşməsi proqnozlaşdırılır”.
R.Hacıyev vurğulayıb ki, gələcəkdə dənizdə suyun səviyyəsinin aşağı düşməsi həm ekoloji baxımdan, həm də iqtisadi və siyasi baxımdan ciddi problemlər yarada bilər: “Məsələn dənizin Şimal hisəsində böyük ərazi quruya bilər, sahilyanı ekosistemə ciddi təsir olar və rekreasiya və turizm sahəsində, sahilyanı ərazidə yerləşən infrastrukrurun fəaliyyətində ciddi çətinkliklər yarana bilər və bu proses eyni zamanda biomüxtəlifliyə mənfi təsir edər və dəniz canlılarının populyasiyalarının ciddi azalmasına gətirə bilər. Xüsusilə də, Qızılağac körfəzində və digər sahələrdə bataqlıqların quruması köçəri quşların miqrasiyasında ciddi problemlər yarada bilər. Belə hesab edirik ki, bu gün ölkəmizin və bütün Xəzəryanı dövlətlərin mütəxəssisləri səviyyə dəyişikliklərinin tədqiqi və onlarla bağlı yaranacaq problemlərin həlli və ya mənfi təsirlərinin azaldılması istiqamətində lazımi tədbirlərin və onların icra yollarının tez bir zamanda müəyyən edilməsi üçün bir araya gəlməlidirlər”.