Günəş panellərindən böyük yük gəmisi üçün enerji mənbəyi kimi uğurla istifadə edilmişdir

525

“Seanews.az” xəbər verir ki,dünya təcrübəsində ilk dəfə olaraq günəş panellərindən böyük yük gəmisi üçün əlavə enerji mənbəyi kimi uğurla istifadə edilmişdir.

Baş idarəsi Monakoda yerləşən “Marfin Management” gəmiçilik şirkəti Finlandiyanın “Wartsila” və İtaliyanın günəş batareyaları istehsalçısı “Solbain Energie Alternative” ilə birlikdə iri tonajlı yük gəmiləri üçün kombinə edilmiş enerji təchizatı sisteminin yaradılması üzrə birgə layihənin uğurla həyata keçirildiyini bildirib.

Hesablamalara görə, həm ənənəvi dizel generatorlarından, həm də günəş panellərindən istifadə edən gəminin hibrid enerji təchizatı sistemi yanacaq sərfiyyatını, eləcə də atmosferə, xüsusilə limanlarda və ona bitişik ərazilərdə zərərli maddələrin atılmasının həcmini əhəmiyyətli dərəcədə azaldacaq.

2016-cı ildə Yaponiyanın  “Onomiçi” tərsanəsində inşa edilmiş “Paolo Topic” balkeri eksperiment üçün əsas gəmi seçilib. Uzunluğu 212 metr olan bu gəmi əvvəlcədən yalnız 650 kVA gücündə tipik dizel generator dəstləri ilə təchiz edilmişdir. İndi həmin qurğulardan birbaşa bütün səkkiz yük anbarının qapaqlarına quraşdırılmış geniş sahəli günəş panelləri ilə birlikdə istifadə olunur.

Belə bir konstruktiv həll yuxarı göyərtədəki bütün boş sahəsindən maksimum səmərəliliklə istifadə etməyə imkan verir və günəş panellərinin işçi səthlərinin minimum zədələnməsi riskini azaldır. Eyni zamanda, günəş panellərinin quraşdırılması gəmidə yükləmə-boşaltma əməliyyatları üçün şəraiti heç də pisləşdirməyib.