“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Qarabağ” ro-ro tipli yük gəmisinin növbə mexaniki Məstiyev Zahir Əskərəli oğlu 30 dekabr tarixində səhər saatlarında gəmidən dənizə düşmüşdür.
Hadisə sözügedən gəmi Qazaxıstan Respublikasının Kurik dəniz limanına daxil olmaq üçün reyddə lövbərdə dayanarkən baş vermişdir.
Hadisə ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinə məlumat daxil olduqdan dərhal sonra təcili və təxirəsalınmaz tədbirlər görülməyə başlanılıb.
Bununla bağlı Agentliyin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinin idarə olunması sistemi vasitəsilə hadisə baş verən ərazidə gəmilərə naviqasiya xəbərdarlıqları göndərilir və gəmilərdən daxil olan məlumatlar təhlil olunaraq aidiyyəti üzrə tədbirlər görülür.
Göstərilənlərdən əlavə olaraq, Agentlik tərəfindən Qazaxıstan Respublikasının dəniz nəqliyyatı sahəsində səlahiyyətli qurumları ilə fasiləsiz şəkildə məlumat mübadiləsi həyata keçirilir.
Hazırda Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyi, habelə Hərbi Dəniz Qüvvələri tərəfindən axtarış və xilasetmə tədbirləri davam etdirilir