Külək enerjisi layihəsinin ətraf mühitə təsirinə dair müzakirələr başlayıb

719

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Xızı və Abşeron rayonlarında 240 MVt-lıq Külək Enerjisi Layihəsinin Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin müzakirəsi başlayıb.

“Report”un xəbərinə görə, 4 gün davam edəcək müzakirələrin ilk günü Xızı rayonunun Sitalçay kəndində baş tutub.

“ACWA Power”in Azərbaycan üzrə nümayəndəsi Cavid Əlifli deyib ki, təmsil etdiyi şirkət artıq həmin layihənin ətraf mühitə təsirini araşdırıb və bu prosesdə bir sıra beynəlxalq təşkilatlar da iştirak edib.

Ümumi gücü 240 MVt olan bu layihə Sitalçayda və Abşeron rayonunun Pirəkeşkül kəndində reallaşdırılacaq. “ACWA Power”in Azərbaycandakı tərəfdaşı “Ecoenergy” şirkətinin nümayəndəsi Ceyhun Sultanov bildirib ki, “Xızı-3 Külək Parkı”nın gücü 162,5 MVt, Pirəkeşküldəki layihənin gücü isə 78 MVt olacaq.

“Xızı 3″ layihəsi üzrə gücü 6,5 MVt olan 25 ədəd külək turbinləri quraşdırılacaq. Pirəkeşküldə isə eyni gücdə 12 ədəd turbin yerləşdiriləcək. Hündürlüyü 100-110 metr olacaq turbinlər Çindən alınacaq. Onlar sərfəlidir və ucuz enerji almağa imkan verəcək. Külək enerjisi parkını 18 aya istismara təhvil verməyi düşünürük. Bu parkdan ilk elektrik enerjisinin 2023-cü ilin sonunda alınması planlaşdırılır. 2024-cü ilin ortalarında isə layihə tamamlanacaq, bütün gücü ilə işləyəcək. Layihə çərçivəsində yaranan tullantıların daşınması nəzərdə tutulub. İlk olaraq Sumqayıt poliqonuna baxış keçirilib. Amma onun vəziyyəti heç də yaxşı deyil. Ona görə də ora məsləhət bilinməyib. Balaxanı tullantı mərkəzi məsləhət görülüb. Amma bunu podratçı həyata keçirməlidir”, – deyə o qeyd edib.