Məlumdur ki, son illərdə Xəzər dənizinin səviyyəsində tərəddüdlər daha intensiv xarakter alıb. Xəzəryanı ölkələrin, o cümlədən Azərbaycanın iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi proqnozu mövcuddur.
Hazırda Bakı bulvarının da ayrı-ayrı hissələrində Xəzərin quruması müşahidə olunur. Su çəkilən hissələrdə hətta çirklənmiş torpaq da açıq-aşkar görünməkdədir.
Rəsmi məlumata görə, son 500 ildə Xəzərin ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb və Dünya Okeanı səviyyəsindən mənfi 29 metr aşağı olub. Onun səviyyəsi 1978-ci ildən başlayaraq ildə orta hesabla 15 santimetr sürətlə artıb. Lakin 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2020-ci ildə onun orta illik səviyyəsi 27.9 m qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, Xəzər dənizinin səviyyəsi 2021-ci ildə 35 santimetr aşağı düşüb: “Xəzərin səviyyəsi 2005-ci illə müqayisədə 119 santimetr enib. Onun aşağı enmə səviyyəsi ən çox bu il qeydə alınıb. İqlim dəyişmələrinə dair ssenarilərdə isə gələcəkdə havanın temperaturunun və buxarlanmanın artması nəticəsində səviyyənin daha da aşağı düşməsi gözlənilir. Alman və holland alimləri bununla bağlı araşdırmalar aparıblar. Əsrin sonunadək Xəzərin səviyyəsi gözlənilən qlobal istiləşmə ssenarilərinə görə daha 9 və ya 18 metr aşağı düşə bilər”. Ekoloq Rövşən Abdullayev isə “Azadlıq” radiosuna bildirib ki, Xəzər dənizinin səviyyəsinin düşməsi bir neçə faktordan asılıdır: “Xəzərə tökülən çaylarda su çox azalıb. Xüsusilə Volqa və Kür çaylarının səviyyəsi çox azalıb. Digər səbəb isə Xəzər hissəsində olan buxarlanmadır.Bu, çox ciddi problemdir. Bəzi ekspertlər deyir ki, bu, tektonik məsələdir və suyun səviyyəsi yenidən qalxacaq. Amma belə proqnozlar var ki, bu düşmə davam edəcək. İndi dəniz səviyyəsi mənfi 28.5 mterdir. Lakin ola bilsin ki, gələcəkdə bu rəqəm mənfi 37-38 metr olsun”. Ekspertin sözlərinə görə, Xəzər dənizinin çox böyük əraziləri quruya bilər: “Bu da çox təhlükəli ola bilər. Balıqların kürülədiyi yerlər quruyub sıradan çıxacaq, balıqlar məhv olacaq, Abşeronda quruyan duzlu ərazilər boş qalacaq. Xəzər geri çəkiləndə neftlə çirklənmiş ərazilər üzə çıxır və buxarlanma baş verəndə bu, havanın çirklənməsinə səbəb olacaq. Ümumiyyətlə, proqnozlara görə, Xəzər heç vaxt əvvəlki qədər böyük olmayacaq”.
Baş verənlər sahilyanı ölkələri ciddi narahat edir. Bu fonda cari ilin mart ayında Xəzər dənizinin səviyyəsinin iqlim dəyişmələrinin təsiri nəticəsində daha da aşağı düşməsi probleminin müzakirəsi üçün Xəzəryanı ölkələrin və bu sahədə təcrübəsi olan beynəlxalq ekspertlərin iştirakı ilə seminarın keçirilməsi planlaşdırılır. Hövzə üzrə razılaşdırılmış səviyyə ssenarilərini və həyata keçiriləcək uyğunlaşma tədbirlərini birgə hazırlamaq üçün regional ekspert qrupunun yaradılması nəzərdə tutulur. Hələlik isə hesab edilir ki, gələcəkdə dənizdə suyun səviyyəsinin aşağı düşməsi həm ekoloji baxımdan, həm də iqtisadi və siyasi baxımdan ciddi problemlər yarada bilər. Məsələn, proqnozlara əsasən, ilk mərhələdə dənizin şimal hisəsində böyük ərazi quruya bilər. Bunun da sahilyanı ekosistemə ciddi təsiri qaçılmazdır, eləcə də turizm sahəsində, sahilyanı ərazidə yerləşən infrastrukrurun fəaliyyətində ciddi çətinkliklər yarana bilər. Bu proses eyni zamanda biomüxtəlifliyə mənfi təsir edə və dəniz canlılarının populyasiyalarının ciddi azalmasına gətirə bilər. Ölkəmizdə isə Qızılağac körfəzində və digər sahələrdə bataqlıqların quruması köçəri quşların miqrasiyasında ciddi problemlər yarada bilər. Belə hesab olunur ki, bu gün Azərbaycanın və bütün Xəzəryanı dövlətlərin mütəxəssisləri səviyyə dəyişikliklərinin tədqiqi və onlarla bağlı yaranacaq problemlərin həlli və ya mənfi təsirlərinin azaldılması istiqamətində lazımi tədbirlərin və onların icra yollarının tez bir zamanda müəyyən edilməsi üçün bir araya gəlməlidirlər. Bu arada onu da qeyd edək ki, keçən əsrin 70-ci illərində Xəzər dənizi səviyyəsinin kəskin aşağı düşməkdə davam etməsi və alimlər tərəfindən verilən bədbin proqnozlar səbəbindən keçmiş Sovet İttifaqında şimala axan Şimali Dvina və Peçora çaylarının istiqamətini dəyişməklə, Volqa çayı vasitəsilə Xəzər dənizinə yönəldilməsi layihələri işlənilirdi. Lakin 1977-ci ildən dəniz səviyyəsinin kəskin qalxmağa başlaması ilə bu layihələr öz aktuallığını itirdi. İndi onların icrası yenidən vacib hesab edilir. Çünki qlobal istiləşmə, onunla əlaqədar müasir iqlim dəyişmələri və çay axımlarına antropogen müdaxilələr Xəzərin səviyyəsinə mənfi təsir göstərir. Bu təsirlər dənizin səviyyəsinin yüzilliklərdən bəri müşahidə olunan periodik dəyişmə xarakterini kəskin şəkildə dəyişib. Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər.
Tahir TAĞIYEV