Gələn ay Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək

265

“Cənub Qaz Dəhlizinin reallaşması birmənalı şəkildə tarixi hadisədir və bu nəhəng enerji layihəsini bu dərəcədə, yəni keyfiyyətlə və çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan da böyük səylər tələb edirdi. Burada Azərbaycan bir neçə ölkəni bir komanda şəklində necə deyərlər, səfərbər edib. Bu işə biz birlikdə nail olmuşuq və gələn ay Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək, ənənəvi olaraq bizim təşəbbüsümüzlə Bakıda keçirilir”.

“Report”un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Hər dəfə bu görüşlərdə mən özüm şəxsən iştirak edirəm və görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılır, artıq orada iştirak edən ölkələrin sayı genişlənir. Üstəgəl, orada bütün aparıcı banklar iştirak edir – Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı – yəni, bütün aparıcı maliyyə qurumları, həmçinin şirkətlər iştirak edir. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Çünki bu qaz böhranı bunları böyük dərəcədə sarsıtdı – həm qiymətlər, həm qazın qıtlığı, həm qaz anbarlarının dolu olmaması”, – Prezident vurğulayıb.