Gəmi inşaatçılarının yeni ildə ilk müqavilələri və ilk uğurları

242

Çin gəmi inşaatçıları ötənilki uğurlarını möhkəmləndirməyə və maye qazın daşınması üçün tankerlərin tikintisində ən yaxın rəqibləri ilə fərqi aradan qaldırmağa çalışırlar. Bu günlərdə Çin Dövlət Gəmiqayırma Korporasiyası (“CSSC”) yapon qaz treyderi “Mitsui O.S.K. CNOOC Gas & Power Group” ilə altı böyük LNG tankerinin tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki,  müqavilənin ümumi dəyəri 1,1 milyard dollara çatır. Bu da ölkədə son on ildə bir sifariş üçün rekord göstəricidir. Maraqlıdır ki, yeni qaz daşıyıcılarının layihəsi çinli dizaynerlər – yerli “Hudong Zhonghua” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. 174 min kubmetr mayeləşdirilmiş qaz tutumlu gəmilərin hər birinin yüngül gövdələri daşıma qabiliyyətini saxlamaqla yanacaq sərfiyyatını və digər əməliyyat xərclərini azaltmağa kömək edəcək.

“CSSC”-nin törəmə müəssisələrindən biri olan “China Shipbuilding Leasing” isə yanvarın əvvəlində hibrid elektrik stansiyası ilə təchiz edilmiş eyni tutumlu (174 min kubmetr) dördüncü LNG tankerinin tikintisi üçün daha bir müqavilənin bağlandığını elan edib. 295 metr uzunluğunda bu nəhəng enerji səmərəliliyi səviyyəsini artıran optimallaşdırılmış hərəkət sisteminə malik olacaq. Gəminin 2024-cü ilin birinci rübündə sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Quançjoudakı “CSSC” tərsanəsi də yeni ilin ilk həftəsində Çində indiyə qədər tikilmiş bu tipdə ən böyük gəmi olacaq 16.000 TEU konteyner gəmisinin inşasına başlayıb.

Çin gəmi inşaatçıları tərəfindən 2022-ci ildə suya buraxılan ilk gəmi isə  “Southwest Maritime” üçün Jiangnan gəmiqayırma zavodunda (Şanxay) inşa edilmiş 86 min kubmetr gücündə hibrid elektrik stansiyasına malik “Gas Capricorn” qaz tankeri olub.