Dələduzlar bu dəfə dünyaca məşhur “V. Group” şirkətinin adından iş təklif etməklə dənizçiləri aldatmağa çalışırlar.
“Seanews.az” bu barədə Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasına (ITF) istinadən xəbər verir.
Məlumata görə, Prateek Sharma adlı şəxs careers@vshipsgroup.com və vgrouplimitedcareer@aol.com ünvanlarından işə göndərilmək üçün onlayn müsahibə təklif edən e-poçt göndərir. Dənizçidən isə müsahibədən keçmək üçün sadəcə ödəniş tələb olunur.
“Əgər siz bu şəxsdən və ya bu poçt qutularından iş təklifi olan məktub alsanız, bilin ki, dələduzlar sizi aldatmaq istəyirlər”, – deyə ITF xəbərdarlıq edir.
“V. Group” gəmiçilik sahəsində yeni deyil, dünyada onlarla ofisi var və idarəetməsində olan gəmilərdə ümumilikdə 60 000-ə yaxın dənizçi çalışır. “V. Group” ilə əlaqəli şirkətlərə “V. Ships”, “BGI”, “V. Crew” və başqaları daxildir.