Xəzərin suyu niyə sürətlə azalır?

271

Son vaxtlar Xəzərin səviyyəsinin düşməsi müzakirələrə səbəb olub. Artıq dənizin səviyyəsində azalma nəzərəçarpacaq dərəcədədir. Xəzər dənizindəki bu hadisə nə ilə əlaqədardır?

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, bu proses Xəzər dənizi hövzəsinin iqlimi ilə əlaqələndirilir.

“Bu hazırda periodik prosesdir. İndi Xəzərin səviyyəsi düşüb, sonradan qalxır. Bu prosesdə başlıca amil Xəzər dənizinin hövzəsinin iqlimi ilə bağlıdır. Yəni Xəzərin su balansı elementləri, onu qidalandıran çaylar, yağıntı miqdarının azalması, buxarlanmanın artması, dənizdə baş verən tektonik hərəkətlər səviyyənin dəyişməsinə təsir edən amillərdəndir. Bilirsiniz ki, qlobal iqlim dəyişikliyi baş verir, ildən-ilə orta temperatur artır. Eyni zamanda, son illər yağıntıların azalması, çaylarda su hövzələrinin azalması bu cür hallara gətirib çıxarır”, – müşavir bildirib.

R.Səttarzadə deyib ki, Xəzərin səviyyəsində dəyişiklik əvvəlki illərdə daha çox olub: “1977-1995-ci illərdə Xəzərin səviyyəsi 2.5 metr artıb. 2005-ci ildən isə Xəzərin səviyyəsi enməyə başlayıb. Həmin vaxtdan etibarən dənizin səviyyəsi müntəzəm enir”.

Nazir müşaviri bildirib ki, Ekologiya və Təbii Sərvətlər nazirliyi hazırda Xəzərin səviyyəsini nəzarətdə saxlamaq məqsədilə tədqiqatlarını davam etdirir.