“Gözü ilə görmüş olsa da, sübut edə bilmədi” – Azərbaycanda təhlükəli biznes növü

460

Azərbaycanda qida bazarında çatışmazlıqlar hər zaman olub. Mal əti, toyuq əti, kolbasa məmulatları, balıq və s. satışında ciddi problemlər var. Qısacası, vətəndaş sağlam qida tapmaq üçün çox axtarmalı olur. Məsələn, əti hər zaman tanıdığımız qəssabdan almağa çalışırıq. Toyuq alarkən isə, “Allaha pənah” deyib seçirik. Balığı da hardan alırıqsa, alaq “görəsən, zəhərləməz ki?” düşüncəsini keçiririk ağlımızdan.

Harda satılırsa, satılsın, qiyməti neçə olursa, olsun vətəndaş aldığı balığın keydiyyətinə heç bir zaman əmin ola bilmir. Çünki bəzən “yaxşı balıqdır”, “svejidir” deyərək, bizə bəh-bəhlə satılan məhsul evə gətirilib bişirilən zaman məlum olur ki, heç də təzə deyilmiş.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, balıq satışı ilə bağlı ölkədə problemlər yaşanır.Eyyub Hüseynov Eyyub Hüseynov

“Mən bir çox ölkələrdə olmuşam. Marseldə, Cənubi Afrikada və digər okean və dəniz sahili olan şəhərlərdə müşahidə etmişəm ki, balıq satışı səhər tezdən başlanır. Məsələn, Türkiyədə balıq satışı səhər tezdən başlayır və saat 11.00-a kimi davam edir. Satış bitdikdən sonra həmin ərazilər bələdiyyə səviyyəsində təmizlənir. Və bu hər gün təkrar edilir. Bəzi ərazilərdə isə balıq satışı şənbə və bazar günləri həyata keçirilir”,– deyən E.Hüseynov bildirir ki, balıq soyuq zəncirlə istehlakçının masasına çatdırlılacaq məhsuldur. Ancaq Azərbaycanda balıq harda oldu, necə oldu prinsipi ilə satılır. Uşaq arabalarında, zənbillərdə, küçələrdə, yol kənarlarında, həyətlərdə balıq satışı ilə qarşılaşırıq. Bu, yolverilməzdir:

“Balıq nə qədər faydalı qida məhsulu olsa da, risk dərəcəsinə görə, öndə dayanan bir məhsuldur. Bu səbəbdən də, balıqların soyuq-buzlu və açıq soyuducularda satılmasının tərəfdarıyıq. Məsələn, ölkədə “Yaşıl bazar”da və eləcə də bəzi marketlər şəbəkəsində balıqlar tam soyuq zəncirlə satılır. Bu, çox gözəl nümunədir”.

Ekspert qeyd edir ki, istehlakçılar hər zaman “baytar əli dəyməyən” balıqlar almağa çalışır. İstehlakçı bilir ki, “baytar əli dəyməyən” balıq mükəmməldir. Çünki göllərdə yetişdirilən balıqlara müəyyən antibiotiklər, dərmanlar verilir.

“İllər əvvəl bizim təşkilatımıza Sabirabaddan şikayət daxil olmuşdu. Bildirilirdi ki, balıq saxlanılan gölə insan nəcisi verilir. Biz dövlət qurumları qarşısında məsələ qaldırdıq. Ancaq təəssüf olsun ki, insan bunu gözü ilə görmüş olsa da, sübut edə bilmədi”,– deyən ekspert əlavə edib ki, göllərdə yetişdirilən balıqların cinsi müxtəlifdir. Lakin bəzi balıqlar var ki, onlar göllərdə yetişdirilə bilmir. Sudan çıxarılan kimi ölür. Bura berj, siyənək və s. aid etmək olar.

Ölkədə balıq satışı problemli olduğu üçün istehlakçıların balıq barəsində məlumat almaq imkanları çox zəifdir. Çünki heç balıq satıcıları belə bilmir ki, balığa hansı antibiotiklər verilib və ya bədənində antibiotik qalığı nə qədərdir, hansı dərmanlar verilib. E.Hüseynov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi və agentlik yanında təmsil olunan “Balıq İstehsalçıları” Birliyi daha fəal iş aparmalı, əhali maarifləndirməlidir: “Ancaq təəssüf olsun ki, balıq istehsalı ilə məşğul olanlar da elə balıq kimi susur və istehlakçını maarifləndirmirlər”.

İlahin, Bizimyol.info