SOCAR Yaponiyanın JOGMEC şirkəti ilə birgə seysmik kəşfiyyat işi aparacaq

263

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yaponiyanın JOGMEC şirkəti ilə Şamaxı-Qobustan neftli-qazlı rayonunun “Ütəlgi” bloku üzrə 2D seysmik kəşfiyyat işlərinin aparılmasına dair müqavilə imzalayıb.

Bu barədə “Report”a SOCAR-dan bildirilib.

Müqaviləyə əsasən “Ütəlgi” blokunda 628 xətti km həcmində 2D seysmik kəşfiyyat işləri aparılacaq. Əvvəlcə mütəxəssislər ətraf mühitin qiymətləndirilməsi sənədi hazırlayacaq. Kəşfiyyat işlərinin bu ilin aprel ayında başlanılması, avqust-sentyabr aylarında isə yekunlaşdırlması nəzərdə tutulur. Sahədə mikro-seysmik karotaj işləri və şlam nümünələrinin götürülməsi məqsədilə 5 ədəd 100 metrlik və 91 ədəd 30 metrlik quyular qazılacaq.

Aparılacaq işlər “Ütəlgi” blokunda seysmik məlumatların az olduğu ərazilərdə yeni və daha yüksək keyfiyyətli məlumatların qeydə alınması məqsədi daşıyır. Hazırkı müqavilə SOCAR və Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında daha əvvəl – 28 oktyabr 2019-ci ildə bağlanmış “Ütəlgi” Kəşfiyyat Bloku üzrə Tədqiqat Əməliyyatlarına dair Birgə Tədqiqat Sazişi”nə uyğun olaraq imzalanıb və tərəflər arasında geniş əməkdaşlıq layihəsinin tərkib hissəsidir. Birgə Tədqiqat sazişini SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “JOGMEC” prezidenti Tetsuhiro Hosono imzalayıb.

Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) 2004-cü ilin fevralında Yaponiya Milli Neft Korporasiyası (JNOC) və Yaponiya Metallurgiya-Mədən Agentliyinin (MMAJ) birləşməsi nəticəsində yaranaraq, həmin qurumların müvafiq vəzifələrini üzərinə götürüb. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin (Ministry of Economy, Trade and İndustry – METİ) tərkibinə daxil olan JOGMEC Yaponiya Milli Neft Korporasiyasının davamçısı kimi, hökumət adından ITOCHU, İNPEX və s. şirkətlərin xaricdə neft-qaz sahəsində fəaliyyətlərinə texniki və maliyyə dəstəyi verir.