Xaçmaz və Yevlaxda gəmi istifadəçiləri maarifləndirilib – FOTO

263

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlər davam etdirilir.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda növbəti belə tədbirlər Xaçmaz rayonunun Niyazoba və Yevlax rayonunun Xanabad kəndlərində təşkil edilib.

Hər iki tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair söhbətlər aparılıb, bu tip su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da ətraflı məlumatlandırılıb.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.