Azərbaycanda “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” qeyd olunub

320

2 fevral – “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” ilə əlaqədar Qızılağac, Şirvan, Ağgöl milli parklarında maarifləndirici tədbirlər keçirilib və ziyarətçilər üçün “quşların müşahidəsi” (birdwatching) təşkil edilib.

“Report” bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, milli parkları ziyarət edən məktəblilərə, turistlərə ekoloji təqvim gününün əhəmiyyəti, su-bataqlıq ərazilərinin zəngin bioloji müxtəlifliyi və onların mühafizəsi haqqında məlumatlar verilib:

“Ziyarətçilər köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin (birdwatching) inkişafı barədə məlumatlandırılıb, daha sonra unikal və yaddaqalan mənzərələr yaradan su-bataqlıq quşları müşahidə edilib”.

A.Səmədovanın sözlərinə görə, su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və qorunması məqsədilə 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən hər il 2 fevral “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” kimi qeyd olunur.

Xidmət rəsmisi Azərbaycanın Ağgöl və Qızılağac milli parklarının mühüm su-bataqlıq əraziləri kimi Konvensiyanın “Ramsar Siyahısı”na daxil edildiyini də qeyd edib.