Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilir, İlham Əliyev toplantıda iştirak edir

540

Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilir.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

Dövlət başçısı tədbirdə çıxış edib.

Toplantıda Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri iştirak edirlər.

Həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, “Fluxys”, İCGB, “Romgaz”, SACE, SGC, “Enagas”, “Uniper”, “TotalEnergies”, “Equinor”, “Lukoil”, maliyyə təsisatlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər qurumların nümayəndələri tədbirə qatılacaq. Məşvərət Şurasının bu ilki iclasında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti və “Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin nümayəndələri də yer alır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclası “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularına həsr olunmuş plenar sessiyalarda keçiriləcək.

Tədbirin sonunda nazirlərin 8-ci iclasının yekunlarına dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.