“Biz 4 fevral 2022-ci il tarixini Azərbaycan və Avropa arasında təbii qaz sahəsində əməkdaşlıqda yeni səhifənin açılması kimi qiymətləndirə bilərik”.
Bunu “Report” açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ötən gün Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısınını yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, 19 sentyabr 2013-cü il tarixində “Şahdəniz” konsorsiumunda 10 Avropa şirkəti arasında qazın alqı-satqısı ilə bağlı imzalanan saziş bu layihənin birinci mərhələsi idisə, dünən keçirilən tədbirlə ikinci mərhələsinin əsası qoyulub.
Ekspert deyir ki, bir tərəfdən Avropa ölkələri Azərbaycandan əlavə qaz almaq niyyətlərini ortaya qoyublar, digər tərəfdən isə Azərbaycan bu niyyətə müsbət cavab verib: “Onun detallarının açıqlanması isə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsonun mətbuat konfransında qeyd etdiyi kimi, müəyyən detallı təhlillərdən sonra olacaq. Yəni Avropa ölkələri hansı həcmdə əlavə qaz həcmləri qəbul etməkdə maraqlı olacaqlar və buna uyğun olaraq da Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələləri gündəmə gələcək. Bakıda keçirilmiş nazirlərin VIII toplantısının əsas əhəmiyyəti budur”.
İ.Şabanın fikrincə, dünənki toplantı həm də Azərbaycan qazının Avropa bazarında satılmasının ilk ilinin yekunlarına həsr olunub: “Bu ilin təhlili onu göstərdi ki, Azərbaycan qaz bazarı məkanına yeni bir oyunçu kimi daxil oldu. Ölkəmiz özünü intizamlı bir oyunçu kimi göstərdi və bu müddətdə Avropadakı istehlakçıların inamını qazandı. Hətta Azərbaycan Avropada rəğbət hissi də oyada bilib. Bunun nəticəsidir ki, nəinki qaz alan ölkələrdən, hətta Azərbaycan qazı getməyən ölkələrdən belə ona sifarişlər gəlib”.
Bakıdakı tədbir çərçivəsində təşkil olunmuş mətbuat konfransında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson bildirib ki Cənubi Qaz Dəhlizi Cənub-Şərqi Avropa ölkələrinə gözəl töhfədir. Onun sözlərinə görə, hazırda enerji bazarında sıxıntı və qiymətli artım müşahidə olunur: “Yaxın gələcəkdə bu boru kəmərinin imkanlarını genişləndirmək düşünülür. Xüsusilə, Qərbi Balkan istiqamətində genişləndirməklə bağlı müzakirələr aparılır”.
Bakıdakı tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna, Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı ediblər.
Həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, “Fluxys”, İCGB, “Romgaz”, SACE, SGC, Enagas, Uniper, TotalEnergies, Equinor, Lukoil, maliyyə qurumlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının nümayəndələrinin də tədbirə qatılması nəzərdə tutulur. Bugünki iclasda Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin nümayəndələri qatılıblar.
Nazirlərin 8-ci iclası “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularına həsr olunmuş plenar sessiyalarla davam edib.
Xatırladaq ki, nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib.