Avropa yarım əsrlik tarixi ərzində qazla bağlı ən ciddi problemini yaşayır və hadisələrin gedişi gərginliyin daha da artacağından xəbər verir. Ukraynaya görə yaşanan gərginlik artacağı təqdirdə Avropanın hətta qaz blokadasına alınma təhlükəsi yaşana bilər.
Düzdür, avropalılar bu qışı birtəhər başa vura biləcək. Lakin müharibə baş verəcəyi təqdirdə Avropanın daha bir neçə il Rusiya qazı ilə bağlı sıxıntıya tab gətirə biləcəyi şübhə doğurur. Təkcə bu il yaşanan çətinliklər avropalıların və rusların çiyinlərinə düşsə də, bundan daha çox qazanan amerikalılar və qətərlilər, eləcə də, “Qazprom”un digər rəqibləri olub. Gərginlik səngisə və tərəflər arasında barışıq əldə olunsa belə, 2021-22-ci illər Rusiya və Avropa arasında energetika sahəsində münasibətlərə ciddi zərbə vurmuş olacaq.
Məsələ ilə bağlı “Kaspi” qəzetində təhlil məqaləsi yayımlanıb.
Qərb mediası, konkret olaraq BBC-nin müraciət etdiyi ekspertlər də vurğulayırlar ki, Avropa İttifaqı, yəqin ki, buraxılan səhvlərdən nəticə çıxaracaq. Diqqət ilk növbədə yaxın keçmişdə diqqətdə olan iki siyasi proqrama söykənəcək.
Birincisi, Avropa “yaşıl” enerjiyə gedən yolda əsas keçidi qaz üzərində cəmləşdirməli olacaq. İkincisi – əsas qaz tədarükçüsü kimi Rusiya ilə münasibətlərin normal saxlanması gündəmdə olmalıdır. Avropa istəsə də, istəməsə də bunu etməlidir.
Hələ 10 il əvvəl Rusiyanın ixrac inhisarçısı “Qazprom” Aİ-nin təbii qaza olan tələbatının 25 faizini təmin edirdi və son illərdə bu asılılıq 40-a çatıb. Rusiyaya gəldikdə, Moskva da etibarlı təchizatçı kimi reputasiyasının itirilməsi ilə barışmalı olacaq.
Qeyd edək ki, gərginlikdən əvvəl Kreml Avropaya Rusiya qazı olmadan qalmağın necə olacağını dadızdırıb. “Qazprom” klapanları bağladı – əvvəlcə Avropanın qaz anbarlarını doldurmaqdan imtina etdi, sonra oktyabr ayından qiymətlərin dörd dəfə artmasına baxmayaraq, ümumiyyətlə, qaz satmaqdan imtina etdi. Əvəzində qiymətlərin bir neçə dəfə aşağı olduğu uzunmüddətli müqavilələr üzrə öhdəliklərini yerinə yetirdi. Nəticədə, Avropa təcili olaraq qaz axtarışına çıxdı, kəsirini hədsiz baha qiymətlərlə doldurmalı oldu. Fəsadlara gəldikdə qaz və elektrik enerjisinin fantastik qiymətləri sənayenin gəlirliliyinə xələl gətirir, nəticədə müəssisələr dayanıb. Hakimiyyət subsidiyalar üçün büdcə vəsaitlərini müəssisələrə və vətəndaşlara yönəltmək məcburiyyətində qalıb. Məsələn, Bolqarıstanın bəzi ərazilərində elektrik enerjisi və qazın bahalaşması ilə əlaqədar axşam saat 21:30-dan səhər 7-dək küçələrdə işıqlar söndürülür və mühafizə üçün əlavə polis dəstələri göndərilir. Aİ-nin hesablamalarına görə, bu böhrandan əvvəl birliyin 27 ölkəsində 30 milyondan çox insan evdə rahat temperatur saxlamaq imkanına malik deyildi. İndi isə bu göstərici daha da artıb. İşıq və qaz üçün ödənişlər tədricən artmaqdadır və indiyə qədər hər kəs baş verənlərin ciddiliyini tam hiss etməyib. Lakin zərbə qaçılmazdır: ilin sonuna qədər Avropanın orta ev təsərrüfatlarında qiymətin 50% artacağı proqnozlaşdırılır.
Belə bir durumda hətta NATO da çıxış yolu aramaq fikrinə düşüb. Mərkəzi Avropanın Rusiyadan qaz asılılığını azaltmaq istəyən NATO üzvləri İspaniya Kataloniyasını Fransa və Almaniya ilə birləşdirəcək qaz kəməri çəkməyi düşünür. Bu barədə “La Vanguardia” nəşri yazıb. “Almaniya bu layihəyə böyük maraq göstərir. Çünki Avropa İttifaqı Almaniyanın Rusiya qazından yüksək asılılığını özünün geostrateji zəif cəhətlərindən biri adlandırır”, – nəşr bildirib. Qəzetin məlumatına görə, Midcat boru kəməri təşəbbüsü 3 il əvvəl İspaniya və Fransa tənzimləyiciləri tərəfindən bloklanıb, çünki onlar qazın bərpa olunan enerji mənbələri ilə sürətlə dəyişdirilməsi kontekstində bunun iqtisadi cəhətdən səmərəli olmayacağını hiss ediblər. “Əlcəzair qazını və mayeləşdirilmiş qazı Avropanın mərkəzinə göndərmək üçün yeni kəmər inşa edilə bilər”, – deyə nəşr qeyd edir. Qazın Avropanın “ürəyi”nə çatdırılması üçün Fransa ilə yeni transsərhəd əlaqənin mümkün yenidən başlanması məsələsi hazırda NATO-nun iş masasındadır. Birləşmiş Ştatlar Berlinə “Şimal axını-2” qaz kəmərinin qeyri-müəyyən müddətə dayandırılması üçün ciddi şəkildə təzyiq edir. Bununla belə, Almaniya öz sənayesini riskə atmaq istəmir. Hazırda Avropa ölkələri qazın böyük hissəsini Rusiyadan “Şimal axını-1”, “Yamal-Avropa”, “Türk axını” qaz kəmərləri, eləcə də Ukrayna ərazisindən keçən qaz kəmərləri ilə alır. 2021-ci il sentyabrın 10-da “Şimal axını-2”nin tikintisi tam başa çatsa da, hələ də ondan istifadə edilmir.
Avropa üçün belə durumda digər həll alternativ qaz təchizatçılarının axtarışı ola bilər. Artıq buna doğru da addım atılır. Avropa komissarı Kadri Simson bu məqsədlə fevralın 4-də Bakıya uçub, sonra isə Vaşinqtona gedib. Azərbaycan qaz kəməri ilə Bolqarıstan, Yunanıstan və İtaliyaya cəmi 10 milyard kubmetr qaz nəql edir, lakin onun Avropa balansında payı və onun artırılması imkanları minimaldır.
Bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu təsdiqləyib, yəni ölkəmiz enerji satışını heç zaman siyasi təzyiq alətinə çevirməyib. Faktlar da kifayət qədərdir. Əksər ölkələr buna getdiyi halda, Azərbaycan mavi qaza tələbatın artdığı zaman fürsətdən istifadə edib qiymət artımı ilə sazişlərin yenilənməsini də tələb etməyib. Buna görə də Azərbaycan Avropa üçün cəlbedici ölkələrdən birincilər sırasındadır. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında da prezident İlham Əliyev Azərbaycanın güvənilən bir tərəfdaş olduğunun tam xarakterizə edildiyini xatırladıb.
O ki qaldı Azərbaycanın qaz ehtiyatlarına, bu kifayət qədər genişdir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Yeri gəlmişkən, Azərbaycanla yanaşı, qardaş Türkiyənin də tranzit ölkə kimi rolu artmaqdadır. Regional enerji habına çevrilən Türkiyə təbii qaz təchizatı şəbəkəsini genişləndirmək, öz qaynaqlarına İraq və İsrail qazını da əlavə etmək niyyətindədir. Bir çox ölkədən təbii qaz alan Türkiyə tədarük təhlükəsizliyini yeni alternativlərlə təmin etməyi hədəfləyir. Türkiyənin bu il üçün illik təbii qaz istehlakı gözləntiləri təxminən 60 milyard kubmetrdir. Yaxın günlərdə hər iki ölkə ilə bu çərçivədə danışıqların aparılacağı gözlənilir.