“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) veteran əməkdaşı Həsənağa Heydərov 80 yaşını qeyd edir.
Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.
Görüşdə Həsənağa Heydərovun dənizçilik sahəsindəki xidmətləri xatırlanıb. Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.
Həsənağa Heydərov 15 fevral 1942-ci ildə anadan olub. O, 1964-cü ildə əmək fəaliyyətinə başlayıb, 1974-cü ilədək müxtəlif gəmilərdə fərqli vəzifələrdə çalışıb. 1974-cü ildən Xəzər Dəniz Neft Donanmasının Cənub idarəsində fəaliyyətini davam etdirib. 1986-cı ildən həmin İdarənin rəisi vəzifəsinə təyin olunub.
Həsənağa Heydərov 2009-cu ildə təqaüdə çıxıb. Hazırda qocaman dənizçi Azərbaycan Dənizçilik Kollecində müəllim kimi işləyir, öz zəngin təcrübəsini tələbələrlə bölüşür.
asco.az