“Fatih” qazma gəmisi Qara dənizdə yerləşən Türkiyənin “Sakarya” qaz sahəsində üçüncü kəşfiyyat quyusunun (“Karasu-1”) qazıntısına başlayıb.
“APA-Economics”in məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə, hazırda suyun 5 min metr dərinliyində işlərə başlanılıb, işlər 2,5 ay ərzində davam edəcək.
Ötən il F. Dönmez bildirmişdir ki, Qara dənizdə kəşf edilmiş yataqdan 2027-ci ilədək maksimum təbii qaz hasilatına nail olmaq Türkiyənin enerji ehtiyacının üçdə bir hissəsini ödəməsinə imkan verəcək. 2023-cü ildə 3,5 mlrd. kubmetr qaz hasilatı ilə bu yatağın işlənməsinə başlanılacaq. Daha sonra, növbəti 4 ildə illik hasilatın 15 mlrd. kubmetrə qədər artırılması nəzərdə tutulub.
Xatırladaq ki, “Türkiye Petrolleri” şirkəti araşdırılan ehtiyatlarının (yatağın) 540 mlrd. kubmetr olduğu təxmin edilən “Sakarya” sahəsində 40 quyu qazmağı planlaşdırır.