“Seanews.az” xəbər verir ki, Almaniyanın Papenburq şəhərindəki “Meyer Werft” gəmiqayırma zavodunda yeni kruiz gəmisinin kilinin qoyulması mərasimi keçirilib.
Böyük Britaniyanın “P&O Cruises” şirkəti üçün tikiləcək laynerin ümumi tutumu 184 min tondur. “Meyer Werft” tərsanəsi tərəfindən inşa edilən bu seriyanın ilk gəmisi “İona” 2020-ci ildə Britaniya gəmiçilik şirkətinə təhvil verilib. Layner mayeləşdirilmiş təbii qazdan (LNG) yanacaq kimi istifadə edir. “Ariva” adlandırılan ikinci gəminin cari ilin axırlarında sifarişçiyə təhvil verilməsi planlaşdırılır. Kruiz gəmilərinin tikintisi üzrə ixtisaslaşan “Meyer Werft” zavodunda indiyədək 37 layner inşa edilib. Gəmiqayırma zavodunda tikilən “RO-RO” gəmiləri, mayeləşdirilmiş qazın daşınması üçün tankerlər də laynerlər kimi, həm keyfiyyəti ilə seçilir, həm də göz oxşayır.