Payız imtahan sessiyasını bitirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının 4-cü kurs tələbələri diplomqabağı təcrübəyə başlayıb.
Akademiyanın “Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarının son kursunda oxuyan tələbələr artıq gəmilər üzrə bölüşdürülüblər. 171 təcrübəçidən 108-i Dəniz Nəqliyyatı Donanmasının, 63-ü isə Xəzər Dəniz Neft Donanmasının müxtəlif təyinatlı gəmilərində, digərləri isə özəl gəmiçilik şirkətlərində təcrübə keçəcəklər.
ADDA-nın “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının 29 nəfər 4-cü kurs tələbəsindən 21-i Bakı Gəmiqayırma Zavodunda, 8-i ASCO-nun Xəzərdənizlayihə Elmi Tədqiqat Layihə institutunda diplomqabağı istehsalat təcrübəsində olacaq. Onların təcübəsi 10 həftə davam edəcək.
Tələbələrin təcrübə rəhbərləri Akademiyanın ixtisas kafedralarının müəllimləri və gəmi kapitanının əmri ilə təyin olunmuş heyət üzvləridir.
Bundan əvvəlki tədris illərində tələbələr təcrübə zamanı ixtisaslarına uyğun ümumi məlumat xarakterli praktiki biliklər toplayırdılarsa, dilpomqabağı təcrübədə 4-cü kurslar Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri haqqında (DHSNÇ-78) Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq artıq tam sərbəst növbəçəkməyə cəlb edilirlər.
Təcrübə bitdikdən sonra hər bir tələbə gəmidə olduğu müddətdə görülən işlər haqqında Beynəlxalq Konvensiyanın tələblərinə uyğun “Təcrübə jurnalında” apardıqları qeydlər əsasında hesabat hazırlayır. İxtisas kafedralarının müəllimlərindən ibarət komissiya tərəfindən hesabat dinlənilərək qiymətləndirilir və bu qiymət tələbənin Yekun Dövlət Attestasiya imtahanına buraxılmasında əsas rol oynayır.
asco.az