Elektron konosamentlərin tətbiqi təşviq ediləcək

343

“Seanews.az” xəbər verir ki, Rəqəmsal Konteyner Daşıma Assosiasiyası (“Digital Container Shipping Association” – “DCSA”), “BIMCO”, “FIATA”, Beynəlxalq Ticarət Palatası (“ICC”) və beynəlxalq banklararası məlumat ötürülməsi və ödəniş sistemi “SWIFT” arasında anlaşma memorandumu imzalanıb. 

Tərəflər Gələcək Beynəlxalq Ticarət (“Future International Trade” (“FIT”), alyansının yaradılması barədə razılığa gəliblər ki, bu ittifaq çərçivəsində onun üzvləri beynəlxalq ticarətin rəqəmsallaşdırılması  üçün standartlar hazırlayacaqlar. 

Alyans üzvlərinin son məqsədi tənzimləyici orqanlar, banklar, sığortaçılar tərəfindən elektron konosamentlərin qəbulunu və tətbiqini təşviq etmək və bu təşkilatlarla daşıyıcılar, onların müştəriləri və prosesin digər iştirakçıları arasında əlaqə qurmaqdır.

Xatırladaq ki, “DCSA” 2019-cu ilin aprelində “CMA CGM”, “A.P. Moller-Maersk”, “Hapag-Lloyd”, “MSC” və “ONE” xətləri tərəfindən təsis edilib, daha sonra “Evergreen”, “Hyundai Merchant Marine”, “Yang Ming” və “ZIM” şirkətləri assosiasiyaya qoşulub.

“DCSA”-nın vəzifəsi məlumat mübadiləsini sadələşdirmək üçün konteyner daşımaları bazarının iştirakçıları tərəfindən istifadə olunan proqram həllərinin qarşılıqlı əlaqəsini təmin edən İT standartlarını hazırlamaqdır.