Martın 16-da “Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü”nün (CEPI) təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə “Dekorbanizasiya və yeni enerjiyə keçid” mövzusunda Beynəlxalq Ekoloji Konfrans keçiriləcək.
Konfrans iqlim dəyişmələrinin ətraf mühitə təsirinin azaldılması və qlobal miqyasda ekoloji təhlükəsizliyin təbliği məqsədi ilə təşkil olunacaqdır.
Tədbirdə Azərbaycan Respublikasının dövlət qurumları ilə yanaşı, Birləşmiş Krallığın Lordlar Palatası üzvlərinin, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, eləcə də BMT-nin İnkişaf Proqramı, Dünya Bankı təmsilçilərinin, BP, “KazMunayGaz”, “Total E&P Absheron B.V.”, “Equinor”, “Rosneft”, “Lukoyl” kimi neft-qaz şirkətlərinin rəhbərlərinin, həmçinin, yerli və xarici elmi-tədqiqat müəssisələrinin, maliyyə institutlarının, diplomatik korpus və media nümayəndələrinin iştirakı nəzərdə tutulur.
“Dekarbonizasiya və yeni enerjiyə keçid” və “Neft-qaz əməliyyatlarında alternativ enerji mənbələrindən istifadə” sessiyalarında panel müzakirələrinin aparılacağı konfransda qlobal iqlim dəyişmələrinin yaratdığı problemlər və bu istiqamətdə neft-qaz şirkətlərinin həyata keçirdiyi layihələrlə tanışlıq xarakterli təqdimatlar keçiriləcək.
Tədbirdə həmçinin adaptasiya və yumşalma tədbirləri üzrə yeni ideyaların inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi ilə bağlı qabaqcıl beynəlxalq elmi-praktiki təcrübələrin öyrənilməsi, bu sahədə regional və qlobal səviyyədə əməkdaşlığın inkişafı, yeni əlaqələrin qurulması məsələlərinə dair ətraflı fikir mübadiləsinin aparılması planlaşdırılır.
Xatırladaq ki, CEPI öz fəaliyyətinə 2020-ci il sentyabrın 14-də Bakı şəhərində “Xəzər Regionunda Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”nün yaradılmasına dair SOCAR, “KazMunayGaz”, BP, “Total E&P Absheron B.V.” və “Equinor Absheron AS” şirkətləri arasında anlaşma memorandumunun imzalanması ilə başlayıb.
interfax.az