Dünyada karbamidə olan tələbatın və qiymətlərin kəskin artımı Azərbaycana necə təsir edib?

367

Dünya bazarlarında karbamidə olan tələbatın və qiymətlərin kəskin artması hesabına Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunda ötən il istehsalın həcmi 3 dəfə artmışdırsa, zavodun gəlirləri il ərzində 6 dəfə artıb.

“Report”un məlumatına görə, bunu SOCAR-ın Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, Kabamid zavodunun ümumi gəlirinin həcmi 2020-ci ildə 35 milyon manat olmuşdursa, 2021-ci ildə bu göstərici 225 milyon manatı keçib.

“Zavod 2019-cu ildə istismara verilib. Həmin il tam miqyaslı sınaq-sazlama işləri aparılıb. Normal haldır ki, sınaq-sazlama işləri zamanı müəyyən problemlər ortaya çıxıb. 2020-ci ilin ilk dörd ayında müəyyən qüsurları aradan qaldırandan sonra zavod tam gücü ilə işləməyə başlayıb. Bu gün zavod 94 % gücü ilə çalışır. Tam gücü ilə işləməsinin sayəsində zavod 2020-ci illə müqayisədə 2021-ci ildə zavodun istehsalı 3 dəfə artıq olub”.

X. Cəfərov bildirib ki, 2020-ci ildə zavod təxminən 120 min ton karbamid istehsal etmişdisə, 2021-ci ildə bu rəqəm 355 min ton təşkil edib: “Bundan başqa, karbamid zavodunun ixracı kəskin artıb. 2020-ci ildə təxminən 70 min məhsul ixrac edilmişdirsə, 2021-ci ildə bu rəqəm 323 min tonu keçib. Yəni zavodun məhsul ixracı dəfədən artıq artıb”.

O qeyd edib ki, 2020-ci ildə dünya bazarında karbamidin hər ton üçün satış qiyməti 220-230 ABŞ dolları təşkil etmişdirsə, 2021-ci ilin dördüncü rübündə bu məhsulun qiyməti artıq 750-850 ABŞ dolları keçmiçşdi. Bizim üçün ən önəmli faktor isə daxili bazarı tamamilə ilə karbamidlə təmin olunmasıdır. Daxili bazar karbomidlə təmin edildikdən sonra bu məhsul xaricə ixrac edilir. SOCAR-ın Kabamid Zavodunun istehsala başlaması ilə yerli fermerlər karbamidi aşağı əlverişli qiymətlərlə əldə edirlər və bu məhsulun xaricdən gətirilməsinə ehtiyac yoxdur. Əgər dünya bazarında karbamidin qiyməti hər ton üçün 750-850 ABŞ dollara çatsa da, daxili bazarda karbamidin qiyməti hələ də eyni səviyyədə qalıb və bu məhsulun hər tonu üçün 420 manat qiymətində saxlanılıb. Bu da təxminən 250 ABŞ dollara yaxın məbləğ edir. Xarici bazarlarda karbamidin qiymətinin artımı daxili bazarda qiymətin artımına səbəb olmayıb”.

X. Cəfərov vurğulayıb ki, 2021-ci ildə Azərbaycanda qeyri-neft sektorunun ixracı 40 %-dən çox artıb: “Karbamid zavodunun burada öz təhfəsi var”.