TRACECA: “Azərbaycandan Ukraynaya yük daşımalar dayandırılıb”

369

Hazırda Ukrayna ərazisində baş verən hərbi əməliyyatlar yük daşımalarına ciddi təsir göstərib.

Bu barədə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Report”un sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, TRACECA katibliyi tərəfindən Ukrayna ilə əlaqə saxlanılıb.

“Hazırda vəziyyət olduqca gərgindir. Limanların fəaliyyəti demək olar ki, dayanıb. Hazırda Ukrayna tərəfi yükləri göndərmir və yeni yüklər qəbul etmir. Sadəcə, ölkədə qalan avtomobillərin çıxarılması üzərində iş gedir”, – deyə R.Bayramov əlavə edib.

Xatırladaq ki, Ukrayna parlamenti 2017-ci ildə Qara və Xəzər dənizləri bölgəsində dəmir yolu-bərə nəqliyyatından istifadə etməklə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı haqqında sazişi ratifikasiya edib. Ukrayna “Yeni İpək yolu” (Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan xətti) dəhlizi çərçivəsində dəmiryol-bərə yükdaşımaları həyata keçirir. 2019-cu ildə isə Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulub.

Qeyd edək ki, TRACECA çərçivəsində 13 ölkə fəaliyyət göstərir. Bunlar Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələridir.