Ukraynadakı hadisələrlə bağlı təxliyə edilən gəmilərin adları məlum olub

542

Ukraynadakı hadisələrlə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən təhlükəsizliyinə dair qərar qəbul edilmiş gəmilərin sayı 13-dür.

“Report”un əldə etdiyi məlumata görə, bu gəmilərdən 6-sı tanker, 7-si isə quru yük gəmiləridir.

Münaqişə zonasından uzaqlaşdırılan tankerlər “Prezident Heydər Əliyev”, “Şuşa”, “Kəlbəcər”, “Professor Əziz Əliyev”, “Laçın” və “Gəncə” tankerləridir.

Həmçinin quru yük daşıyan gəmilər isə “Üzeyir Hacıbəyli” , “Natəvan”, “Rəsul Rza”, “General Aslanov”, “Hüseyn Cavid”, “Qafur Məmmədov” və “Şair Vaqif” gəmiləridir.

“Report”un sorğusuna cavab olaraq ASCO-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumatı təsdiq edib.

Qeyd edək ki, ASCO Qara və Azov dənizində istismar edilən gəmilərin və onların heyət üzvlərinin təhlükəsizliyinə dair qərar qəbul edib.

Qərara əsasən, həmin istiqamətdə yükdaşıma üçün bağlanmış bir neçə müqavilə ləğv edilib.

Hazırda ASCO-nun gəmiləri daha təhlükəsiz ərazilərdədir. Bundan başqa, yükboşaltma əməliyyatı üçün Çernomorsk limanının reydində dayanan “Hüseyn Cavid” quru-yük gəmisi təhlükəsizlik məqsədilə Rumıniya sahillərinə gətirilib.

ASCO hadisələrin gedişatını izləyir, gəmilərin və heyət üzvlərinin təhlükəsizliyi məqsədilə mümkün tədbirlər görür və bundan sonra da zəruri tədbirlərin görülməsini davam etdiriləcək.