“MOL”-a məxsus “Felicity Ace” avtomobil daşıyanı Azor adalarında batıb. Onunla birlikdə göyərtəsindəki 4 min “Porsche”, “Bentley”, “Lamborghini”, “VW” və “Audi” avtomobili də sulara qərq olub. Yükün dəyəri 400 milyon dollardan çox qiymətləndirilir.
“Seanews.az” xəbər verir ki, gəmi yük anbarında başlayan yanğından iki həftə sonra batıb. Hadisə fevralın 16-da avtomobildaşıyan Almaniyanın Emden limanından ABŞ-ın Devisvil limanına gedərkən baş vermişdi və 22 heyət üzvünün hamısı xilas edilmişdi.
Keçən həftə bir neçə başqa yedək gəmisinin müşayiəti ilə “Bear” xilasedici yedək gəmisi “Felicity Ace” avtomobildaşıyanını Azor adaları sahillərinə çatdırmaq üçün yedəyə almışdı.
Bununla belə, martın 1-də gəmi sağ bortu tərəfə əyilməyə başlayıb və batıb. Ehtimala görə, 2005-ci ildə inşa edilən gəminin göyərtəsində olan bəzi maşınların akkumulyatorları yanğının söndürülməsini çətinləşdirib.