Yelkənli gəmi 1100 ton yüklə səfərə çıxacaq

369

Neft və onunla birgə ənənəvi yanacaq bahalaşdıqca, gəmi inşaatçıları müasir yelkənli yük gəmilərinin layihələndirilməsi və tikintisi üçün  daha çox sifarişlər alırlar.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, bu günlərdə Fransa gəmiçilik şirkəti “TransOceanic Wind Transport” (“TOWT”) öz layihəsi əsasında yelkənli yük gəmisinin tikintisi üçün müqavilə bağladığını bildirib. Gəminin avadanlıqları Fransanın Konkarno şəhərindəki Piriou hərbi dəniz tərsanəsində istehsal olunacaq.

Gəminin bütünlayihə və texniki şərtləri 2021-ci ilin fevral ayında artıq hazır idi.

Uzunluğu təxminən 79 metr (260 fut) olan gəmi 1100 ton yükgötürmə qabiliyyətinə malik olacaq və transokean marşrutları ilə ildə 20 000 tona qədər yük daşıyacaq. Göyərtəsinə 12 sərnişin götürə biləcək gəminin heyəti 7 nəfərdən çox olmayacaq.

Maraqlıdır ki, “TOWT” öz yük yelkənli gəmisinin tikintisini planlaşdırmazdan əvvəl, 2011-ci ildən bəri transokean marşrutları boyunca yüklərin daşınması üçün istismar edilən yelkənli gəmiləri icarəyə götürürdü. 19 yelkənli gəmini idarə edən şirkət öz donanmasını daha da böyütmək niyyətindədir. Hazırda inşa olunan yelkənli  gəmi “TOWT”-in  donanmasına 2023-cü ilin yayında daxil olacaq. Fransız limanlarına əlavə olaraq, Nyu-York, Şanxay, Abidjan, eləcə də Karib dənizindəki limanlar, Braziliya, Kolumbiya və Meksika da gəminin mümkün təyinat istiqamətləri kimi nəzərdə tutulur.