“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus 2 500 ton yükqadırma qabiliyyətinə malik “Azərbaycan” kran gəmisinin əsaslı təmiri uğurla başa çatıb.
Bu barədə “Report”a ASCO-dan məlumat verilib.
“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir çərçivəsində baş mühərriklərin yağ və su soyuducuları, nasoslar, hava balonlarının armaturları, mexanizmlərin dəniz suyu ilə soyutma və yağ sistemlərinin boru xətləri, çirkab su boru sistemləri təmir olunub. Elektrik avadanlıqlarında yaranmış nasazlıqlar aradan qaldırılıb, çirkab su çənləri tam təmizlənib, 30 və 400 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb. Helikopter meydançasının qoruyucu torları üzərində quraşdırılmış borular yenisi ilə əvəzlənib. Suüstü sahələr və baş göyərtə təmizlənərək rənglənib.
Gəmi tərsanəyə qaldırılaraq avar və sükan qurğularının hidravlik idarəetmə sistemləri təmir olunub. Sınaq yoxlama işlərindən sonra “Azərbaycan” kran gəmisi suya buraxılıb.