Çin-Avropa istiqamətində yükdaşımalarda Azərbaycanın payı artacaq

348

Avrasiyada yaranan geosiyasi vəziyyət Çin-Avropa istiqamətində yükdaşımalarda Azərbaycanın da daxil olduğu Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) rolunu artırır.

“Report” xəbər verir ki, bu barədə Avropanın dəmiryolu ilə yükdaşımalar üzrə nüfuzlu media portalı “Railfreight” saytında yer alan məqalədə qeyd edilib.

Məqalədə vurğulanır ki, Hollandiyanın “Nunner” logistika şirkəti və çinli həmkarı “Tieda” ilə əməkdaşlığı çərçivəsində Çindən Avropaya yüklərin tədarükünü həyata keçirirlər. Lakin hazırda Rusiya-Ukrayna münaqişəsinin beynəlxalq yükdaşımalara əsaslı təsir edəcəyi gözlənilir.

Hollandiyanın “Nunner” şirkəti bildirir ki, hazırda Ukraynada baş verən sarsıdıcı hadisələr və insan faciəsi fonunda şirkət Asiya və Avropa arasında tədarük zəncirini toxunulmaz saxlamağa çalışır ki, Avropa və dünyanın qalan hissəsindəki müştərilər lazımi təchizatlarını çatdırsınlar.

Qeyd edilib ki, Rusiya-Ukrayna münaqişəsindən sonra Orta Dəhliz marşrutu böyük diqqət çəkib: “Getdikcə daha çox şirkət Rusiya ərazisindən tranzitdən yayınmağa üstünlük verir, çünki ya marşrutu təhlükəli hesab edirlər, ya da Rusiya hökumətinin qəbul etdiyi qərarları bəyənmirlər. Bununla belə, Çin və Avropa arasındakı dəmir yolu dəhlizi ilə yükdaşımalara daha çox Rusiya ərazisindən tranzit daxildir. Hazırda Rusiya dəmir yolları ilə əlaqələrin olmamasını istəyənlər üçün ən yaxşı variant olaraq Orta Dəhliz təklif edilir. Orta Dəhliz uzun illərdir ki, mövcud idi, və bu marşrutla daşınan yüklərin həcmində artım olub. Lakin əsas marşrutla (Belarus – Rusiya – Qazaxıstan) müqayisədə daha az rəqabətlidir. Çünki Orta Dəhliz Xəzər dənizi və Qara dənizdən keçir, dəniz daşımalarında isə qiymətlər hələ də nisbətən yüksəkdir. Türkiyədən qatarla ən asan əldə edilən Avropa bazarları, Cənubi Avropa ölkələridir. Bu ölkələr üçün Orta Dəhlizə üstünlük vermək daha məqsədəuyğun olub. İndi əsas marşrut (Belarus – Rusiya – Qazaxıstan) çoxları üçün ilk seçim olmadığına görə, Orta Dəhliz də Türkiyədən keçərək müxtəlif nəqliyyat həlləri ilə qərb bazarlarına müraciət etməyə başlayacaq”.

Bəs Azərbaycanın da daxil olduğu Orta Dəhliz vasitəsilə yükdaşımalar hansı səviyyədədir?

Orta Dəhliz vasitəsilə yükdaşımaların operatoru olan “Azərbaycan Dəmir Yolları” QSC-nın törəmə müəssisəsi “ADY Container” MMC-nin illik hesabatına əsasən Orta Dəhliz ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutları arasında ən mühüm dəhlizdir. Belə ki, ölkəmizin ərazisindən keçən digər nəqliyyat marşrutları ilə müqayisədə dəmir yolu ilə konteyner yükdaşımaları ən çox bu marşrut vasitəsilə həyata keçirir. Orta Dəhliz üzrə Azərbaycan ərazisindən keçməklə 2021-ci ildə əsasən 12 istiqamətdə həyata keçirilmiş yükdaşımaların strukturunda 1-ci yerdə Çin-Türkiyə, 2-ci yerdə Qazaxıstan-Türkiyə, 3-cü yerdə isə Gürcüstan-Qazaxıstan istiqamətidir. Orta Dəhliz üzrə konteynerlə yükdaşımaların həcmi 2021-ci ildə 2020-ci ilə nisbətən 52 %, 2022-ci ilin yanvar-fevral aylarında 2021-ci ilin eyni dövrünə nisbətən 15 % artıb. Orta Dəhliz vasitəsilə Azərbaycan üzrə ümumi konteyner yükdaşımaların strukturunda ixrac, idxal və tranzit istiqamətlərinin payı ilə əlaqədar olaraq qeyd olunmalıdır ki, 2021-ci ildə tranzit istiqamətinin payı 92,4 % olmaqla maksimal həddə çatıb.

TRACECA (Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizi) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov “Report”a bildirib ki, Orta Asiya ölkələrindən Orta Dəhlizə müraciətlər çox olur: “Bir müddət əvvəl Qazaxıstandan rəsmi heyət Azərbaycana gəlmişdi, Azərbaycanla Qazaxıstan arasında birgə şirkətlə bağlı, yəni Azərbaycan-Gürcüstan-Qazaxıstan arasında birgə operatorun yaradılması ilə bağlı razılıq əldə edilib. Bu, ölkələr arasında yükdaşımaları daha da səmərəli etmək üçün həyata keçirilib. Azərbaycan üzərindən alternativ dəhlizləri nəzərdən keçirirlər və bu istiqamətdə bizlə məsləhətləşirlər. Biz də çalışırıq ki, bu vəziyyətdə daha effektiv davranaq”.

R. Bayramov qeyd edib ki, Belarus-Qazaxıstan-Rusiya dəhlizindən 700 min konteynerə yaxın yük daşınıb : “Bunlar 20 futluq konteynerlər olub. Bizim infrastruktur hələ ki, bu həcmi götürə bilməz. Amma həmin yüklərin müəyyən hissəsi bizim ərazimizdən, qalan hissəsi isə dəniz daşımalarından keçəcək. Azərbaycan üzərindən ötən il ərzində təqribən 50 mindən çox konteyner daşınıb. Bu, Şərq-Qərb və Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınıb. Amma potenisalımız çox böyükdür. Bu yükdaşımalarda Bakı Limanının rolu da böyükdür. Bakı Limanının yükaşırma qabiliyyəti hazırda 150 min konteynerdir”.

O əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsi dövründə Belarus-Qazaxıstan-Rusiya istiqamətində yükdaşımalar az da olsa həyata keçirilib: “Müəyyən yüklər gedib, Çinin bəzi operatorları artıq konteynerləri daşımaq istəmirlər. Bu istiqamət hazırda tam durğun deyil, ancaq potensialı azalıb”.

TRACECA rəsmisi qeyd edib ki, Qazaxıstan-Rusiya- Belarus marşutunda ancaq bir modal daşıma həyata keçirilir: “Lakin Orta Dəhlizdə multimodal daşımalar aparılır. Bütün bunların hamısı əlavə dəyər yaradır. Ona görə də bizim marşrutla qiymət baxımından rəqabət aparmaq çətindir. Ölkələr arasında uyğun bir tarif siyasəti ilə bağlı məsləhətləşmələr aparılır. Amma istənilən halda çalışırıq ki, əlavə dəyər yaradan məsələlərə diqqət yetirək. Bura birgə operatorun yaradılması, rəqəmsal texnologiyaların, elektron sənəd dövriyyəsinin tətbiqi daxildir. Bunların tətbiqi ilə xidmət daha da yüksələcək. Yüksək xidmət göstərən dəhliz daha rəqabətqabiliyyətli ola bilər. Hal-hazırda ümumi logistik bazarda böhran var. Bəzi limanlarda, məsələn Rotterdamda konteyner tıxacları yaranıb. Konteyner daşıyan gəmilərlə işləmək istəmirlər. Yükləri qəbul etmək istəmirlər. Bu böhranda kim daha rahat və daha çevik xidmət göstərəcəksə qazanmış olacaq”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

2020-ci ilin dekabr ayından Türkiyədən TBNM ilə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımdan sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb. Belə ki, cəmi 16 gün ərzində bir başdan o biri başa çatan qatarlar razılaşmalara görə ayda iki dəfə yola salınır. Bu razılaşma 2021-ci ilin əvvəlindən Çində konteyner daşımalarının bahalaşmasına baxmayaraq dəqiq yerinə yetirilir.

Həmçinin pandemiya və onun iqtisadiyyatdakı fəsadları, Çinin ixracatının kəskin artması və idxalatının azalması, konteyner gəmilərin xidmət haqqının artması kimi amillər konteynerlərin gəmilərlə daşıma haqqını artıb.