“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) qlobal gəmiçilikdə tətbiq olunan yenilikləri daim diqqətdə saxlayır, fəaliyyətinin texnoloji həllər və innovasiyalar, eləcə də müasir tələblərə uyğunlaşdırılması istiqamətində davamlı addımlar atır.
Bu istiqamətdə ASCO-da atılan önəmli addımlardan biri Beynəlxalq Dəniz Təşkilatının (IMO) gəmilərin istismarı zamanı gəmi mühərrik və qazanlarından atmosferə atılan qazların tərkibindəki kükürd oksidlərinin azaldılması tələbinin yerinə yetirilməsi ilə bağlıdır.
Ümumiyyətlə, gəmilərdən atmosferə atılan kükürd oksidlərinin azaldılması üçün bir neçə texniki həll mövcuddur:
– Gəmilərin baş mühərriklərinin ikili yanacaq sistemli (Dual Fuel) mühərriklərlə əvəzlənməsi;
– Gəmi mühərrik və qazanlarından xaric olan qazları təmizləyən (SCRUBBER) qurğuların quraşdırılması;
– Gəmilərin tərkibində kükürdün miqdarı 0.5%-ə qədər olan aşağı kükürdlü yanacağa keçirilməsi;
ASCO-nun müvafiq struktur bölmələri və mütəxəssisləri gəmilərin yaşı, yanacaq sərfiyyatı, yükgötürmə qabiliyyəti və ətraf mühitə atdığı emisiya miqdarını nəzərə alınaraq qeyd olunan bütün üsulları dərindən araşdırıb. Bu zaman daha rentabelli sayılan “gəmi mühərrik və qazanlarından xaric olan qazları təmizləyən (SCRUBBER) qurğuların quraşdırılması” və “gəmilərin tərkibində kükürdün miqdarı 0.5%-ə qədər olan aşağı kükürdlü yanacağa keçirilməsi” variantlarına diqqət yetirilib. Araşdırmalar nəticəsində məlum olub ki, ASCO-nun donanmasındakı gəmilərdə SCRUBBER sistemi quraşdırılarsa, quraşdırılan bu qurğuların öz dəyərini ödəməsi üçün 17 il işləməsi tələb olunur və bu rentabelli sayılmır. Bu səbəbdən yeni növ, tərkibində kükürdün miqdarının 0.5%-ə qədər olan yanacağa keçirilməsi məqsədəuyğun hesab olunub. Qərara əsasən, artıq iki ildir, ASCO xarici sularda üzən gəmilərində tərkibində kükürdün miqdarı 0.5% olan yanacaqdan istifadə edir. Yanacaq növünün dəyişdirilməsinə baxmayaraq, gəmilərin texniki istismarı uğurla yerinə yetirilir.
Qeyd edək ki, araşdırmalara görə, kükürd oksidlərinin atmosferə atılması nəticəsində hər il minlərlə insan müxtəlif sağalmaz və qəfil ölümlə nəticələnən xəstəliklərə yoluxur. Hesab edilir ki, dünya sularındakı gəmilərin aşağı kükürdlü yanacağa keçməsi ilə ildə yarım milyonadək insanın bu cür risk və təhlükələrlə üzləşməsinin qarşısı alınmış olacaq. Bundan başqa, gəmilərin aşağı kükürdlü yanacağa keçməsi və ya onlara xaric olaraq qazların tərkibindəki kükürd oksidlərinin təmizlənməsi sistemi quraşdırıldığı halda qlobal istiləşmənin 10C aşağı enəcəyi praqnozlaşdırılır.
asco.az