Yanvar-fevral aylarında “Şahdəniz” qazının ixrac həcmi 9% artıb

292

2022-ci ilin yanvar-fevral aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 3 milyard 269,8 milyon kubmetr təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 46,9%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.

Bütövlükdə, yanvar-fevral aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 6 milyard 975,2 milyon kubmetr qaz (artım 6,4%) nəql edilib.

Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstan, Türkiyə və Avropaya ixrac olunur.

2021-ci ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 17 milyard 618 milyon kubmetr təşkil edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 43,6% çoxdur.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.

interfax