Bahar bayramınız mübarək olsun!

462

Hörmətli həmkarlar!

Qarşıdan həmişəki kimi, pişvazına çərşənbələrlə çıxdığımız bahar gəlir. Təbiətə biçdiyi yeni donla gözləri sevindirən, könülləri qurub-yaratmaq əzmi ilə dolduran bahar!

Sizi –  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin bütün işçilərini milli varlığımızın rəmzinə çevrilən Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə xoş əhvali-ruhiyyə, möhkəm cansağlığı, səadət və müstəqil Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.      

Ana təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan Novruz gələcəyə inam aşılamaq və insanları xeyirxahlığa sövq etmək qüdrətinə görə əvəzsizdir.

Yüksək mənəvi dəyərlərlə insanları bir-birinə yaxınlaşdıran, qəlblərində mərhəmət hislərini gücləndirən bir bayramın əsrlərin sınağından çıxa bilməsində təəccüblü heç nə yoxdur. Mayası xeyirxahlıqdan yoğrulan Novruz yaşatmağı bacardığı üçün özü də yaşayır.

Novruzun ən gözəl adətlərindən biri də haqq dünyasına qovuşmuş doğmaların, uca amallar uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsini ehtiramla yad etməkdir. Bu əziz günlərdə ölkəmizin ərazi bütövlüyünün bərpası, 30 il erməni işğalı altında olan torpaqlarımızın Novruz intizarına son qoyulması uğrunda haqq savaşımızda şəhadətə yüksələn nər igidlərimizi bir daha sönsuz sevgi ilə anır, valideynlərinin qarşısında baş əyməklə, ailələrinə və yaxınlarına səbir diləyirik.     Məhz onların qəhrəmanlığı sayəsində bütövləşən respublikamızın bütün yaşayış məskənlərində, o cümlədən Şuşada, Cıdır düzündə qalanan bayram tonqallarının istisinə qızınırıq.

Novruzun xalqımızın taleyindəki yerini və rolunu Ulu öndər Heydər Əliyev çox gözəl ifadə etmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.       

Möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə desək: ”Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliyimizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir.”

Novruz bayramı dövlət müstəqilliyimizi yenidən qazandıqdan sonra Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik təqvimə daxil edilmişdir.

Ən yüksək dəyərləri özündə birləşdirdiyi  üçün dünyanın da bu mənəviyyat xəzinəsinə ehtiyacı var. Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz 2009-cu il sentyabrın 30-da YUNESKO-nun qeyri-maddi mədəni irsinin inciləri sırasına  daxil edilmiş və 2010-cu il fevralın 23-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz Günü elan olunmuşdur.

Xalqımızın varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran Novruz bizi daha qüdrətli, daha güclü Azərbaycan naminə yeni əmək qələbələrinə səsləyir.

Gəlişi ilə bütün təbiəti canlandıran bahar şübhəsiz ki, möhtəşəm Zəfərimizdən sonra əzəli yaşayış məskənlərimizə Böyük Qayıdış üçün reallaşdırılan nəhəng layihələrin də daha sürətlə həyata keçirilməsinə təkan verəcək.

Baharda havanın getdikcə mülayimləşməsi çətin peşə sahibləri olan dənizçilərimizin də daha yaxşı işləmək, daha çox yük daşımaq imkanlarını xeyli artırır. Əminəm ki, fədakar dənizçilərimiz təbiətin yaratdığı bu gözəl imkandan həmişə olduğu kimi, gündən-günə çiçəklənən müstəqil Azərbaycanımızın  iqtisadi inkişafına daha sanballı əmək töhfələri vermək üçün yararlanarlar.

Əziz həmkarlar! Arzu edirəm ki, Novruz  Odlar yurduna əbədi səadət, hər evə, hər ailəyə xoşbəxtlik gətirsin.

Eviniz işıqlı, süfrələriniz bərəkətli, yolunuz açıq olsun!

Bayramınız mübarək olsun!

 Rauf  VƏLİYEV,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”                  

Qapalı Səhmdar Cəmiyyətinin sədri 

asco.az