Bu gün Dardanel boğazı üzərində “Çanaqqala-1915” asma körpünün açılışı olacaq

229

Bu gün Dardanel boğazı üzərində “Çanaqqala-1915” asma körpünün istifadəyə verilməsi mərasimi baş tutacaq.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, Çanaqqala döyüşündəki tarixi qələbənin 107-ci ildönümünə həsr olunan asma körpünün açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Dardanel boğazının Avropa və Asiya sahillərini ilk dəfə birləşdirəcək “Çanaqqala -1915” körpüsünün tikintisinə 5100 nəfər və 740 ədəd tikinti texnikası cəlb olunmuşdur.

Altı hərəkət zolaqlı (hər istiqamətdə üç zolaq) asma körpünün ümumi uzunluğu 4 608 metrdir. Beləliklə, “Çanaqqala 1915” körpüsü dünyanın ən uzun orta aşırımlı asma körpüsüdür.

Layihənin həyata keçirilməsi İstanbuldan ölkənin Egey bölgəsinə alternativ və daha qısa marşrut yaradacaq. Yeni nəqliyyat marşrutu turizmin inkişafına mühüm töhfə verəcək, Türkiyənin qərbindən və şimal-qərbindən malların tədarükünü asanlaşdıracaq, Asiya ilə Avropa arasında nəqliyyatı asanlaşdıracaq.