Qara dənizdə ikinci dəfə mina həyəcanı yaşanıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, minalar Qara dənizin qərb hissəsində aşkar edilib.
“Bolqarıstan sərhədinə yaxın İynəada şəhərinin sularında mina aşkar edildikdən sonra hadisə yerinə sövq edilən SAS qrupları (Sualtı Müdafiə Qrupu Komandanlığı) tərəfindən müdaxiləyə başlanılıb”, – deyə hərbi qurumdan əlavə edilib.
Xatırladaq ki, martın 26-da Qara dənizdə, Bosfor boğazında mina tapılmışdı. Ukraynanın Odessa sahillərində Rusiyanın hərbi gəmilərinə qarşı yerləşdirdiyi iddia edilən mina Qara dənizdə fırtına nəticəsində lövbərindən uzaqlaşaraq Türkiyə sahilləri üçün də təhlükə yaradıb. Türkiyə Hərbi Dəniz Qüvvələri gəmiləri xəbərdar edərək minalara qarşı diqqətli olmağı xahiş edib və NAVTEX (dənizçilərə xəbərdarlıq) yayımlayıb.
Mənbə: İnternethaber.com