Türkiyə Gəmi Kapitanları Assosiasiyası təhlükəsiz naviqasiya üçün losman katerlərindən istifadə etməyi təklif edir

348

Türkiyə Gəmi Kapitanları Assosiasiyası iki gün əvvəl Bosfor boğazında mina aşkar edildikdən sonra kommersiya gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Qara dənizdə müəyyən marşrutlarda losman katerlərindən istifadə etməyi təklif edib.

“Seanews.az” xəbər verir ki,  bu barədə assosiasiyanın prezidenti Zəfər Akbulut “Hürriyet” qəzetinə müsahibəsində bildirib.

“Qara dənizdə üzən ticarət gəmilərinin çox həssas radarları var. Bu radarlar dənizdəki ən kiçik obyektləri belə aşkar edə bilir. Belə hallarda gəmi dərhal kursunu dəyişir. Təkliflərimdən biri müəyyən marşrutlara losman gəmilərindən istifadə olunmasıdır”, – deyə  Zəfər Akbulut qeyd edib.

Qeyd edək ki, martın 26-da “Doğan” agentliyi balıqçılar tərəfindən minaya bənzəyən obyektin aşkar edildiyi barədə məlumat yayıb. Daha sonra Türkiyə Müdafiə Nazirliyi obyektin mina olduğunu təsdiqləyib və onu uğurla zərərsizləşdirib. Türkiyənin müdafiə naziri Hulusi Akarın sözlərinə görə, o, bu mövzunu Rusiya Federasiyası və Ukrayna nümayəndələri ilə müzakirə edib. Bosfor boğazından gəmilərin hərəkəti dayandırılıb və Moskva vaxtı ilə təxminən saat 15:30-da yenidən bərpa edilib.