Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı “Petkim” 2021-ci ildə Egey İxracatçı Birlikləri tərəfindən “İxracatın ulduzları” siyahısında birinci yeri tutub.
“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də ixrac sahəsində öz mövqeyini qoruyan “Petkim” 810,9 milyon ABŞ dolları ixrac gəliri əldə edib.
Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin törəmə müəssisəsi “Petkim” 2021-ci ildə kimya sektorunun “ixracat lideri” adını qazanıb. Egey İxracatçı Birliklərinin açıqladığı ənənəvi “İxracatın ulduzları” siyahısında “Petkim” bütün sektorlar kateqoriyasında da ilk sırada qərarlaşıb.
Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi olan “Petkim” iki ildir davam edən pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq fasiləsiz istehsalı davam etdirmək üçün yerli istehsalçıların ehtiyaclarının ödənilməsinə üstünlük verib. “Petkim” uzun illər təkrar olunduğu kimi 2021-ci ildə də Egey bölgəsində ixracat lideri adına sahib olub. İki illik fasilədən sonra yenidən təkcə kimya deyil, bütün sektorlar üzrə birinci olan “Petkim” 2021-ci ildə 810,9 milyon ABŞ dolları həcmində ixracat həyata keçirib.
2020-ci ildə olduğu kimi, 2021-ci ildə də gigiyena ehtiyaclarının artması və xüsusilə qablaşdırma materiallarına olan tələbatın davam etməsi ilə “Petkim” istehsal gücündən istifadə əmsalını 87,9 %-dən (2020-ci il) 92,6 %-ə (2021-ci il) yüksəldə bilib. “SOCAR Türkiyə”nin digər bir törəmə müəssisəsi olan STAR NEZ ilə inteqrasiyası sayəsində yaranan sinerji ilə istehsalı davam etdirən “Petkim” həmçinin 2021-ci ili 5,5 milyard türk lirəsi xalis mənfəətlə başa vurub.