70 illik yubileyini qeyd edən veteran dənizçi evində ziyarət olunub

140

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) veteran əməkdaşı, gəmi kapitanı Tofiq Rəhimov 70 illik yubileyini qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və  Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.

Görüşdə veteran dənizçinin gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb.

Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin xoş sözlərini çatdırıb cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Tofiq Rəhimov 1952-ci il aprelin 1-də Salyan rayonunda doğulub.

1970-ci ildə orta məktəbi bitirərək Bakı Dəniz Yolları Məktəbinə daxil olub. 1974-ci ildə təhsilini başa vurub. Bir il sonra matros kimi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində əmək fəaliyyətinə başlayıb. Qısa müddətdə kapitanın 3-cü köməkçisi, kapitanın ikinci köməkçisi, baş köməkçi vəzifələrinə yüksəlib.

1987-2009-cu illərdə fasiləsiz olaraq müxtəlif gəmilərdə kapitan vəzifəsində işləyib. 2009-cu ildən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində sahil heyətində çalışıb.

Tofiq Rəhimov bir müddət Dəniz Nəqliyyatı Donanmasında Həmkarlar İttifaqı Komitəsinin sədri olub.