Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi Xəzər dənizində növbəti monitorinqlərin aparılması üçün bu gün, aprelin 1-də yenidən dənizə çıxıb.
“Report” xəbər verir ki, bunu ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən 1-10 aprel tarixlərində dənizdə kompleks tədqiqatlar aparılacaq: “Ekspedisiyanın məqsədi Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsidir. Monitorinqlər Xəzər dənizindəki neft-qaz yataqlarında keçiriləcək, 16 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrəniləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək”.