Almaniya Gəmi Sahibləri Assosiasiyası (VDR) Ukraynanın Qara dənizdəki limanlarında olan beynəlxalq ticarət donanmasının bütün gəmilərinin bölgəni təhlükəsiz şəkildə tərk etməsinə icazə verilməsi üçün müraciət edib.
“Seanews.az” xəbər verir ki, müraciətdə hazırda müxtəlif ölkələrdən 60-dan çox ticarət gəmisinin, o cümlədən Almaniya gəmiçilik şirkətlərinin bir neçə gəmisinin Ukrayna limanlarından çıxa bilmədiyi qeyd olunur. Bu gəmilərin heyətlərini qida və lazım olan digər şeylərlə təmin etmək çətindir.
VDR-in prezidenti Qaby Bornhaym deyib: “Biz gəmilərə mümkün qədər tez və hücum təhlükəsi olmadan limanları tərk etməyə icazə verilməsini istəyirik. Gəmilər üçün təhlükəsiz keçid təmin edilməlidir ki, təhlükə zonasından çıxa bilsinlər.”
Assosiasiyanın rəhbəri gəmilərin və heyətlərin limanları tərk edə bildiyi “mavi dəhlizlər”in təşkilini xahiş edib. Açıq dənizə çıxdıqdan sonra gəmilər üçün daha bir təhlükəni Qara dənizdə üzən minalar yaradır.
1907-ci ildə əsası qoyulmuş Alman Gəmi Sahibləri Assosiasiyası (“Verband Deutscher Reeder”, VDR) Almaniya ticarət donanmasının və Almaniya gəmiçilik şirkətlərinin maraqlarını təmsil edir.