Atəşkəsdən sonra Hodeyda limanına ilk neft tankeri daxil olub

260

BMT-nin vasitəçiliyi ilə Yəməndəki husi qiyamçıları və Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb hərbi koalisiyası arasında iki ay müddətində əldə olunmuş atəşkəsdən sonra Hodeyda limanına ilk neft tankeri daxil olub. Bundan başqa, husilərin nəzarətində olan paytaxt Sənanın hava limanının açılması, Misir və İordaniyaya aviareyslərin həyata keçirilməsi gözlənilir.

Usilərin neft şirkətinin sözçüsü İssam əl-Mutvakel Səudiyyə Ərəbistanının Hodeyda dəniz limanına neft tankerlərinin girişinə icazə verdiyini bildirib. Yəmənin ticarət və humanitar yüklərinin 70 faizinin bu liman vasitəsilə daşındığını qeyd edən husi rəsmisi BMT-nin xüsusi nümayəndəsi Hans Qrundberqdən xahiş edib ki, ərəb koalisiyası ilə digər yük gəmilərinin də Hodeydaya üzməsi ilə bağlı danışıqlar aparsın.

Qeyd edək ki, 2014-cü ildə husi qiyamçılarının paytaxt Sənanı ələ keçirməsi ilə başlayan müharibədə 2018-ci ildən bəri ilk dəfə atəşkəs elan edilib.