Ötən ay Xəzərdə dalğanın maksimal hündürlüyü 4,3 m olub

255

Mart ayı üçün Xəzər dənizinin hidrometeoroloji vəziyyəti açıqlanıb.

APA-nın Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbərinə görə, ötən ay Xəzər dənizinin Azərbaycan sektorunda dənizin orta aylıq səviyyəsi Baltik sistemi ilə -27,78 m, maksimal səviyyə -28,06 m, minimal səviyyə isə -27,51 m təşkil edib. Neft Daşları İHMS-də səviyyənin orta aylıq qiyməti -39 sm olub. Keçən ilin mart ayı ilə müqayisədə səviyyədə 13 sm enmə müşahidə olunub.

Maksimal sürəti açıq dənizdə 21 m/san şimal, Abşeron yarımadasında isə 20 m/san olan şimal və cənub küləkləri qeydə alınıb. Xəzərin Azərbaycan sektorunda açıq dəniz akvatoriyasında dəniz dalğalarının orta hündürlüyü 1,8 m, maksimal hündürlüyü isə 4,3 m olub.

Dəniz suyunun orta duzluluğu 9-12‰ arasında tərəddüd edir. Yay aylarında 11-12‰ arasındadır. Baxılan zaman intervalında duzluluğun orta qiyməti 9,69‰ təşkil edib. Keçən ilin mart ayı ilə (9,71‰) müqayisədə duzluluğun orta kəmiyyətində azalma müşahidə olunub.