Azərbaycan dövləti müasir dünyada nəqliyyat dəhlizlərinin əhəmiyyətini düzgün qiymətləndirib

64

Yaxın iki ildə İran ilə Rusiya arasındakı ticarət dövriyyəsinin həcmi 10 milyard dollara çatacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın sənaye, mədən və ticarət nazirinin müavini Əlirza Peymanpak deyib. Böyük bir nümayəndə heyətinə rəhbərlik edən nazir müavini Moskva səfəri zamanı (aprelin 10-da səfər yekunlaşıb) Rusiyanın 70 şirkətinin rəhbərləri ilə görüşüb. Görüşlərdə ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Əlbəttə ki, zəif nəqliyyat infrastrukturu ticarət əlaqələrinin də səviyyəsini aşağı salır. Bu səbəbdən İranın Rusiya ilə ticarət dövriyyəsini 10 milyard dollara yüksəldəcəyini bildirməsi təsadüfi xarakter daşımır.

Coğrafi baxımdan İran ilə Rusiya arasında yerləşən Azərbaycan dövləti müasir dünyada nəqliyyat dəhlizlərinin əhəmiyyətini düzgün qiymətləndirərək bu sahənin inkişaf etməsinə xüsusi diqqət ayırıb. Azərbaycan Prezidentinin təşəbbüsü ilə rəsmi Bakının “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə cəlb edilməsi iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, qeyri-neft sektorunun inkişaf etməsinə zəmin yaradıb. Azərbaycanın bu beynəlxalq layihəyə qoşulması yalnız iqtisadiyyatı şaxələndirmək və qeyri-neft sektorunu inkişaf etdirməklə yekunlaşmır. Bu layihədə iştirak edən dövlətlər beynəlxalq siyasi zəmanət də əldə etmiş olurlar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropa ilə Asiyanı birləşdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə iki böyük qitə ticarət əlaqələri quracaq. Bu yolla (Azərbaycan ərazisindən keçməklə) dəyəri milyardlarla dollar olan yüklər daşınacaq və təbii ki, nə Avropa nə də Asiyadakı dövlətlər, transmilli şirkətlər yüklərinin təhlükəsiz çatdırılmasını istəyəcəklər. Məsələyə bu aspektdən yanaşdıqda aydın olur ki, dəhlizin keçdiyi ölkələrdə və ümumiyyətlə regionda sabitliyin davamlı şəkildə təmin edilməsində maraqlı olacaqlar.

Azərbaycan dövləti lazım olan bütün infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulması, İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xəttinin çəkilməsi, Ələt-Astara magistral yolunun inşası və digər infrastruktur layihələrin həyata keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan dövləti yalnız özünə məxsus nəqliyyat infrastrukturu qurmayıb. Eyni zamanda, tranzit ölkəyə çevrilmək iddiasindadır və bunun da kifayyət qədər möhkəm əsasları var. Azərbaycan elə bir coğrafi məntəqədə yerləşir ki, İrana hər iki istiqamətdən daxil olan yüklər mütləq ölkəmizin ərazisindən Rusiya və Avropaya və əks istiqamətə daşınmalıdır.

Rusiyanın Hindistan da daxil olmaqla digər Cənub-Şərqi Asiya və Fars körfəzi ölkələrinə yüklərinin Azərbaycan və İran üzərindən, yəni “Şimal-Cənub” dəhlizi ilə daşınmasına ona görə üstünlük verilir ki, burada həm nəqliyyat xərci, həm də çatdırılma vaxtı digər yollarla müqayisədə çox azdır.

Cənub-Şərqi Asiya ölkələrindən daşınan yüklər İranın Omman dənizi sahilindəki Çabahar, Fars körfəzi ölkələrindən daxil olan yüklər isə körfəzdəki Bəndər-Abbas limanına daxil olacaq. İrana hər iki istiqamətdən daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Rusiyaya və əks istiqamətə daşınacaq. Göründüyü kimi, hər iki halda yüklər tranzit olaraq Azərbaycan ərazisindən keçəcək.

Digər tərəfdən, İranın sanksiyalar altında qalması rəsmi Tehranı bütün sahələrdə istehsalı artırmağa vadar edib ki, bu da onun ixrac potensialını artırıb. Hazırda İran il boyu Rusiya və digər MDB dövlətlərinə sitrus meyvə ixrac edir. Bundan başqa, İranın külli miqdarda kənd təsərrüfatı və neft-kimiya məhsulları, tikinti materaialları, xam mal ixrac etmək potensialı var. Prezident İbrahim Rəisi seçildikdən sonra qonşularla əlaqələrin inkişaf etməsini və ölkəyə valyuta daxil olmasını artırmaq məqsədilə ticarət əlaqələrini genişləndirmək və ixrac imkanlarını artırmaq kimi siyasi xətt tutub.

Göründüyü kimi, iranlı nazir müavininin Moskvada iki ölkə arasında ticarət dövriyyəsinin 10 milyard dollara yüksətmək iddiasını ortaya qoyması təsadüfi xarakter daşımır. Bu dəyərdə olan yüklərin Azərbaycan üzərindən daşınması ölkəmizi tranzit mərkəzinə çevirəcək ki, bu da əlavə iş yerləri, dövlət büdcəsinə valyuta daxil olması və yuxarıda qeyd etdiyimiz kimi, siyasi dəstək deməkdir.