Qürurla Xatırlayırıq:  Xəzər Dəniz Neft Donanmasında adı bu gün də hörmətlə çəkilən Cəbrayıl Məmmədov

948

Cəbrayıl Xanlar oğlu Məmmədov 1937-ci il aprelin 12-də Zəngilan rayonu Sonu kəndində dünyaya göz açıb. Atası Böyük Vətən müharibəsində Mozdok şəhəri uğrunda gedən döyüşlərdə həlak olduğundan uşaqlıq illəri ağır keçib.

1957-ci ilin dekabrında Bakı Dəniz Yolları Məktəbini “gəmi sürücüsü” ixtisası ilə bitirib. Əmək fəaliyyətinə 1958-ci ildə Xəzər Dəniz Neft Donanmasının gəmilərində kapitanın 2-ci köməkçisi kimi başlayıb. Bacarığı və əzmkarlığı ilə kapitan vəzifəsinədək yüksəlib.

Cəbrayıl Məmmədov təhsilini artırmağı da unutmayıb, istehsalatdan ayrılmadan 1970-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. 1973-cü ildə təcrübəli mütəxəssis kimi Xəzər Dəniz Neft Donanması üçün Niderlandda inşa olunan “Süleyman Vəzirov” borudüzən gəmisinin kapitanı təyin olunub və gəmini təhvil almaq üçün bu ölkəyə ezam edilib.

“Süleyman Vəzirov” gəmisində kapitan işləyərkən Cəbrayıl Məmmədov Kuybışev su anbarından keçməklə 2 mərhələdə – 1979 və 1981-ci illərdə çəkilən Urenqoy – Çelyabinsk – Petrovsk – Novopskov sualtı qaz kəmərlərinin inşasında fəal iştirak edib. 

Liderlik keyfiyyətlərinə, komanda yığmaq bacarığına və işgüzarlığına görə 1987-ci ildə Xəzər Dəniz Neft Donanmasının rəisi təyin edilib. 1994-cü ilədək bu vəzifədə çalışan və kollektivin böyük hörmətini qazanan Cəbrayıl Məmmədov onu tanıyanların xatirəsində  bacarıqlı və qayğıkeş rəhbər, səmimi insan kimi qalıb.

Cəbrayıl Məmmədov 1979-cu ildə  “SSRİ neft və qaz sənayesinin fəxri işçisi” adına layiq görülüb.

Cəbrayıl Xanlar oğlu Məmmədov ömrünün 61-ci ilində haqq dünyasına qovuşub.

Sevda Abdullayeva – ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi