Somalidə dəniz quldurları ilə mübarizə üçün Sahil Mühafizəsi bazası yaradılıb

52

Somalidə dəniz quldurları ilə mübarizə üçün Sahil Mühafizəsi bazasının yaradılması başa çatıb. BMT Baş katibinin Somali üzrə xüsusi nümayəndəsinin müavini Anita Kiki Qbeho bildirib ki, bu obyekt Somali Polis Qüvvələrinin Moqadişu limanı ətrafında və 3300 kilometrlik Somali sahil xətti boyunca fəaliyyət göstərə bilməsini təmin etməklə yanaşı, hüquq-mühafizə orqanlarının dənizdə fəaliyyəti üçün uzunmüddətli potensialın yaradılmasına kömək edəcək.

“Seanews.az” xəbər verir ki, BMT tərəfindən yaradılan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 3 milyon dollarlıq fond Somalidə dəniz təhlükəsizliyi strukturlarının inkişafına dəstək verəcək.

Tikintisinə 2018-ci ildə başlanılan obyekt avadanlıqla təchiz olunmuş qərargah bloku, saxlanma yeri, üzən körpü, yaşayış yerlərindən və sair ibarətdir.

Baza dəniz rabitəsi avadanlığı ilə təchiz edilib, hüquq-mühafizə orqanlarının 60 əməkdaşı dəniz hüququnun mühafizəsi, dəniz mühəndisliyi və dəniz rabitəsi üzrə təlim və seminarlar keçib.

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin Şərqi Afrika üzrə Regional Nümayəndəsi Neil J. Walsh bildirib ki, UNODC  Somalinin transmilli və dəniz mütəşəkkil cinayətkarlığına qarşı mübarizəsini dəstəkləyəcək.