Beynəlxalq Dəniz Təşkilatı Sinqapur boğazında baş verən hadisələrdən narahatdır

63

Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Kitak Lim Sinqapur boğazından keçən gəmilərdə insidentlərin sayının artması ilə bağlı narahatlığını ifadə edib.

“Seanews.az” xəbər verir ki, aprelin 5-də Asiyada dəniz quldurluğu və gəmilərə silahlı hücumla mübarizə üzrə Regional Əməkdaşlıq Sazişi (ReCAAP) tərəfindən təşkil edilən konfransda qeyd olunub ki, qlobal miqyasda 2022-ci ilin ilk üç ayında hücumların sayı 25% azaldığı halda, sonra Asiyada bu göstərici yüksəlib və hadisələrin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 29% artıb.

2022-ci ilin birinci rübündə Asiyada qeydə alınan 22 hadisədən 17-si IMO-nun Malakka boğazının bir hissəsi hesab etdiyi Sinqapur boğazında baş verib. Eyni zamanda, Asiyanın qalan hissəsində hadisələrin sayı azalıb. Ümumilikdə 2021-ci ildə Malakka və Sinqapur boğazlarında 49 insident qeydə alınıb (2020-ci ildə cəmi 34 hadisə olub).

Bu sularda tez-tez hücumlar belə baş verir: cinayətkarlar soyğunçuluq məqsədilə gəmilərə minir, əsasən gəmi təchizatı və ehtiyat hissələrini oğurlayırlar. Əksər hallarda, onlar silahsız olur və ya bıçaqla silahlanırlar, heyətdən yayınmağa çalışırlar, dənizçilər onları görən  kimi gəmidən qaçırlar.