Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 14-də Gürcüstana səfər edib.
Səfərin ilk günündə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi, Batumi Dəniz Limanı, Batumi Dövlət Dəniz Akademiyası və Gürcüstanda fəaliyyətinə razılıq verilmiş bir sıra təsnifat cəmiyyətlərində görüşlər keçirilib. Danışıqlar zamanı iki ölkə arasında dəniz nəqliyyatı sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri müzakirə edilib.
Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi ilə dənizçilərin hazırlanması, limanlara nəzarət edilməsi və digər istiqamətlərdə əməkdaşlığın qurulması barədə razılıq əldə olunub. Bu məqsədlə yaxın vaxtlarda iki qurumun ekspertləri arasında görüşlərin təşkili planlaşdırılır.
İkigünlük səfər çərçivəsində Poti Dəniz Limanı, Yeni Poti Dəniz Limanı və Poti Dəniz Təlim Mərkəzində də görüşlərin keçirilməsi nəzərdə tutulur.
ardda.gov.az