ELAN: Bakı Limanının istifadəçisi olan yerli və xarici vətəndaşlardan COVİD-19-a dair PCR testi tələb edilmir

327

Nazirlər Kabinetinin qərarına əsasən 15 apreldən etibarən Azərbaycan Respublikasına giriş üçün COVİD-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edildiyindən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” (Bakı Limanı) tərəfindən ölkəmizə gələn yerli və xarici vətəndaşlardan PCR testinin nəticəsi tələb olunmur. Lakin, PCR neqativ testi tələb olunan ölkələrə gedən şəxslərin qeyd olunan testin nəticəsini təqdim etməsi zəruridir.

Qeyd edək ki, hələ pandemiyanın ilk günlərindən etibarən Bakı Limanı, yükdaşımanın operativ şəkildə təşkilini təmin etmək məqsədi ilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində yük daşıyan nəqliyyat vasitələrinin sürücüləri üçün ilkin mərhələdə Limanda xüsusi zonada, daha sonra Qırmızkörpü sərhəd keçid məntəqəsində təşkil etdiyi PCR testi verməsi üçün şərait yaradılıb. Ötən müddət ərzində Bakı Limanının dəstəyi ilə 50 093 nəfərdən PCR test götürülüb, onlardan 47 009 nəfəri sürücü, 3 084 nəfəri isə sərnişin olub.

Qeyd olunmalıdır ki, Bakı Limanın istifadəçiləri zərurət olduğu halda liman ərazisində fəaliyyət göstərən tibb məntəqəsində istək üzrə könüllü olaraq PCR testi verə bilərlər. Bakı Limanı təhlükəsiz və sağlam iş mühitinin yaradılmasına, ətraf mühit və insan sağlamlığının qorunmasına daim önəm verir və bu istiqamətdə ən müasir standartları tətbiq edir.

portofbaku.com