Azərbaycanda plastik tullantılarla mübarizə üçün platforma yaradılır

70

Azərbaycanda “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” adlı yeni layihəyə start verilib. Azərbaycan Könüllülər İctimai Birliyindən “APA-Economics”ə verilən məlumata görə, layihə öz işinə eyni adlı forumla aprelin 29-u başlayacaq.
Forum ölkədə plastik tullantılara qarşı birgə mübarizə aparmaq, ətraf mühitin təmizliyinə fikir verməklə ölkənin turizm potensialını daha da artırmaq məqsədilə hökumət və maraqlı tərəflər üçün platforma yaradacaq.
Qeyd edək ki, layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq, həmçinin plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatın artırılması, müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması istiqamətində ekoloji tədbirlər keçirməkdən ibarətdir.