Türkiyədə keçirilən “Mavi Vətən-2022” təlimləri başa çatıb

69

“Mavi Vətən-2022” təlimi həm əməliyyata hazırlıq işlərini başa çatdırmaq, həm də yerli və milli silah sistemlərinin effektivliyini yoxlamaq məqsədilə aparılır. Dəniz Qüvvələri Komandanlığımızın Qara dəniz, Egey və Şərqi Aralıq dənizi vasitələri, digər güc komandanlıqları və dövlət qurumları ilə koordinasiyada həyata keçirdiyi təlim şükürlər olsun ki, uğurla nəticələnib. Təlimdə iştirak edən gəmilər, təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları və xüsusi növbətçi heyət üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirərək hər zaman əməliyyata hazır olduqlarını nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Mavi Vətən-2022” təlimlərində videokonfrans yolu ilə iştirakı zamanı bildirib.

Üç tərəfdən dənizlərlə əhatə olunmuş Türkiyədə güclü dəniz qüvvələrinin olmasının seçim deyil, zərurət olduğunu vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsində inşa edilən yeni sualtı qayıqlar və gəmilər üçün hazırlanan xüsusi silah sistemləri ilə bölgənin və dünyanın ən güclü donanmasına sahib olana qədər bu səyləri qətiyyətlə davam etdirəcəklərini deyib.

“Ordumuz bütün vasitələri ilə Vətənin müdafiəsində, eyni zamanda, dünyanın bir çox yerində ən əhatəli humanitar yardım əməliyyatlarını həyata keçirən hərbi qüvvədir. Özlərini inkişaf etmiş, müasir və çağdaş hesab edən ölkələr miqrantları dənizlərdə ölümə tərk edərkən, hətta onları qəsdən öldürməyə çalışarkən, biz donanmamız və Sahil Mühafizə Xidmətimizlə yüz minlərlə insanı qaranlıq sulardan xilas etdik. Bir sıra böhranlı bölgələrdə humanitar xilasetmə və yardım əməliyyatlarımızla dünyanın heyranlığını qazandıq”, – deyə Türkiyə Prezidenti bildirib.

Qeyd edək ki, 122 gəmi, 41 təyyarə və digər hərbi texnika, eləcə də 12 min nəfərin iştirakı ilə keçirilən “Mavi Vətən-2022” Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ən böyük təlimlərindən biridir.

Təlimlər Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizində aprelin 11-dən 21-dək davam edib.