“Alı Mustafayev” gəmisi əsaslı təmir olunaraq istismara qaytarılıb

48

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Alı Mustafayev” maye daşıyan gəmisi əsaslı təmir olunub.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb.

Proses zamanı gəminin baş və köməkçi mühərrikləri, braşpil qurğusu, kompressorları,  yağ və su soyuducuları, hava balonlarının armaturları, müxtəlif təyinatlı nasoslar, separatorlar və boru sistemləri təmir olunub.

Eyni zamanda,  gəminin generatorları və  mexanizmlərinin elektrik idarəetmə və qorunma sistemləri təmir edilib. Əsas və qəza işıqlandırma sistemlərində zəruri yoxlama və təmir işləri həyata keçirilib.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni tip OD/QD (orta/qısa dalğalı) radiostansiya, qəza radio mayakı, qəza-xilasetmə radiostansiyaları, GPS avadanlığı, sürət ölçən qurğu quraşdırılıb. Həmçinin, gəminin Komanda Yayım Qurğusunda (KYQ) təmir işləri aparılıb.

Maşın-qazan şöbəsi, köməkçi sükan qurğusu şöbəsində döşəməaltı sahələr təmizlənib-yuyulub, mexanizmlər  rənglənib. Ümumilikdə 3200 tonluq su tutumuna malik çənlərdə təmizləmə və rəngləmə işləri aparılıb.  Həmçinin, işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarda lazımi təmir işləri aparılıb.

Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları cari təmir edilib. Bundan əlavə, tankerin sualtı, suüstü hissələrində, ballast çənlərində və baş göyərtədə zədələnmiş metal  lövhələr və qoruyucu metal kəmərlər dəyişdirilib.

Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb və sınaq işləri uğurla başa çatdırılıb. “Alı Mustafayev” tankeri yenidən dənizçilərin ixtiyarına verilib.

Qeyd edək ki, “Alı Mustafayev” gəmisi dənizdə fəaliyyət göstərən neft platformalarına su daşınmasında istismar olunur.

asco.az